Binalarda sürətli “5G” interneti üçün sistem təqdim olunub
İsveçin “Ericsson” telekommunikasiya avadanlığı istehsalçısı iritutumlu mobil trafikin binalar daxilində ötürülməsinə imkan verən “5G Radio Dot” kiçik mobil stansiya sistemini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, ortatezlikli diapazonlarda (3-6 QHs) işləyən “5G Radio Dot” məlumatların 2 Qbit/saniyə səviyyəsində ötürülmə sürətini dəstəkləyir. Sistemi “4G” şəbəkələri üçün “Radio Dot” sistemlərinin işlədiyi şəbəkə infrastrukturuna quraşdırmaq mümkündür. Bununla yanaşı, müxtəlif rabitə nəsilləri üçün həllər bir-birinin yanında yerləşə bilər.
Məlumata görə, “Radio Dot” iri ofis binalarında, ticarət mərkəzləri, xəstəxana və aeroportlarda yüksəksürətli interneti təmin edir. Bir müddət sonra kiçik mobil stansiya şəbəkələrində, məsələn, faydalı qazıntıların hasilatını təmin edən internetə qoşulmuş sənaye əlavələrinin işə düşəcəyi gözlənilir.
“Ericsson” şirkətinin proqnozuna görə, 2023-cü ilədək mobil rabitə şəbəkələrində trafikin həcmi 8 dəfə artacaq, “5G” qoşulmalarının sayı isə 1 milyarda çatacaq. Divarlar siqnalın küçədən daxil olmasına mane olur və binalar daxilində xidmətlərin keyfiyyətinə mənfi təsir göstərir. Bu səbəbdən xidmət təchizatçıları “Radio Dot” kimi həllərdən istifadə etməyə məcbur olurlar.
Sınaqları bu ilin sonuna nəzərdə tutulan “5G Radio Dot” sisteminin 2019-cu ildə kommersiya istifadəsinə veriləcəyi gözlənilir.
Nizam Nuriyev