Barmaq izləri skanerinə malik ekranla təchiz edilmiş ilk smartfon rəsmən təqdim edilib
Çinin “Vivo” şirkəti barmaq izləri skaneri bilavasitə ekranın alt hissəsinə qurulmuş smartfonun ilk kommersiya modelini təqdim edib. “X20 Plus UD” smartfonunda "Ev" və başqa düymələr yoxdur, qurğunun ön tərəfi bütöv ekrandan ibarətdir.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.vesti.ru” saytına istinadən yazır ki, aparat ötənilki “Vivo X20 Plus”dan ekranın alt hissəsinə qurulmuş sensordan başqa heç bir xüsusiyyəti ilə fərqlənmir. “Full HD” (2160x1080 piksel) təsvir ölçüsü və tərəflər nisbəti 18:9 olan smartfon 6,43 düymlük “AMOLED” panel, 2,2 QHs takt tezlikli səkkiznüvəli “Snapdragon 660” çipseti, 4 QB-lıq əməli yaddaş və 128 QB daxili yaddaşla təchiz edilib. Daxili akkumulyatorun tutumu 3800 milliamper/saat təşkil edir.
Smartfonun arxa tərəfində ikiqat kamera (24 meqapiksellik, 5 meqapiksellik kamera), ön tərəfindən 12 meqapiksellik kamera quraşdırılıb. “X20 Plus UD” smartfonu “Android Nougat 7.1.2” sisteminin özəl versiyası olan “FunTouch” platformasının idarəetməsi altında işləyir.
“Vivo” şirkətinin istehsalı olan smartfonun qiyməti sonra elan ediləcək.
Emil Hüseynov