Fərdi kompüter üçün ilk “ağıllı” korpus təqdim olunub
“Deepcool” şirkəti fərdi kompüter üçün dünyada ilk “ağıllı” korpus təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
CHIP” resursuna istinadən yazır ki, “Quadstellar” adlanan yeni qurğu “E-ATX” formatlı ana plataya malik kompüterlərin yaradılması üçün nəzərdə tutulub. Korpus bir neçə videokart, enerji bloku və soyutma sisteminin quraşdırılmasına imkan verən 4 müstəqil bölmə ilə təchiz edilib.
Məlumata görə, modelin əsas fərqləndirici cəhəti xüsusi əlavə vasitəsilə “RGB” işıqlandırmanın quraşdırılması və soyutma sistemlərinin idarə olunması imkanındadır. Ayrıca korpus bölməsinə “SLI” və ya “CrossFire” rejimində 3-dək videokart quraşdırmaq mümkündür. Daha bir bölmədə səkkiz 3,5 düym və iki 2,5 düym toplayıcı üçün dayaqlar mövcuddur. Əlavə olaraq daha üç 2,5 düym toplayıcı quraşdırmaq mümkündür. Enerji bloku ayrıca bölmədə yerləşir. Burada, həmçinin maksimal soyutma effektinə nail olmağa imkan verən “ağıllı” temperatura nəzarət sistemi quraşdırılıb.
Nizam Nuriyev