Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaşlı insanların yerə yıxılma riskini müəyyənləşdirən yeni sistem təqdim edilib


Heç kim yerə yıxılmağı sevmir. Həm də yaşlı insanlar üçün bu, ciddi zədələnmələrə səbəb ola bilər. Buna görə onlar üçün ən vacibi yerə yıxılmamaqdır. Bəs öncədən yaşlı insanın yerə yıxılmasını necə bilmək olar? Alimlərin məlumatına görə, yeni “FallSkip” sisteminin köməyi ilə bunu müəyyənləşdirmək mümkündür.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, “FallSkip” sistemi İspaniyanın Politexnik Universitetində çalışan alimlər komandası tərəfindən hazırlanıb. Sistem “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən mobil qurğu, mobil proqram və cihazın bərkidildiyi bel kəmərindən ibarətdir.

Həkimlər pasiyent haqda müxtəlif informasiyanı (yaş, cins, tibbi kart məlumatlarını və sairə) mobil proqrama daxil edirlər. Bundan sonra pasiyent qurğunun bərkidildiyi bel kəmərini taxır, stuldan ayağa qalxaraq növbəti stula qədər təxminən 3 metr məsafə gedir, oturur, sonra yenə stuldan ayağa qalxır… Bu proses bir neçə dəfə təkrarlanır. İstehsalçılar əmin edirlər ki, bütün yoxlama prosesi 2 dəqiqə vaxt alır.

Məlumata görə, akselerometr və hiroskopun köməyi ilə mobil proqram balans, yeriş, koordinasiya, reaksiya müddətini və əzələlərin gücü kimi parametrləri ölçmək qabiliyyətinə malikdir. Bu parametrləri qiymətləndirən qurğu pasiyentin yerə yıxılma riskini müəyyənləşdirir.

Emil Hüseynov







24/01/18    Çap et