Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfon üçün xüsusi qurğu qidada olan istənilən bakteriyaları aşkar edəcək


Satın alınmış məhsulların zərərli bakteriyalarla çirklənməsini necə qiymətləndirmək olar? Bu məqsədlə yaxın vaxtlarda smartfon üçün təqdim ediləcək ucuz qurğu onu belə bakteriyaları aşkar etmək qabiliyyəti ilə təmin edəcək. Hazırda Massaçusets Amherst Universitetinin alimləri sözügedən cihazın hazırlanması ilə məşğul olurlar.

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, tədqiqatçılar komandasına qida məhsulları üzrə mütəxəssis həkim Lili Xi rəhbərlik edir. Alimlər tərəfindən tərkibinə bakteriyaları özünə maqnit kimi cəlb edən 3-MBPA adlı turşu molekulları daxil edilmiş çip hazırlanıb.

Çip tədqiq edilən məhsulun içərisinə salınır, bundan sonra məhsuldakı şəkər, yağ və zülalları yuyub təmizləyən qatılaşdırılmış bufer maye ilə yuyulur, bu halda bakteriyalar olduğu kimi qalır.

Bundan sonra çip smartfonlarla işləmək üçün nəzərdə tutulmuş sadə işıq mikroskopuna yerləşdirilir. Xüsusi mobil tətbiq çipdə bakteriyaların miqdarını hesablayır. Qurğu çox həssasdır və hətta az miqdarda bakteriya hüceyrələrini aşkar edə bilir.

Qida yoxlanmasının nəticələri 2 saat ərzində hazır olur. Müqayisə üçün, standart metod üçün 2 gün vaxt sərf edilir.

Alimlər ümid edirlər ki, onlar tərəfindən hazırlanmış texnologiya yalnız qida sahəsinin işçiləri üçün deyil, həm də təbii fəlakət və qəza zonalarında işləyən mütəxəssislər üçün əlçatan olacaq.

Emil Hüseynov





27/01/18    Çap et