Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il “Əşyalar interneti” texnologiyaları bazarının həcmi 772 milyard dolları üstələyəcək


“IDC” analitik şirkəti 2018-ci ildə dünyada “Əşyalar interneti” (IoT) ilə əlaqədar avadanlıq, proqram və servislərin satış həcminin 772,5 milyard dollaradək artacağını proqnozlaşdırır. Bu, 2017-ci ilin göstəricisindən 14,6 faiz çoxdur. 2020-ci ildə satış həcminin 1 trilyon dolları ötəcəyi, 2021-ci ildə isə 1,1 trilyon dollara çatacağı gözlənilir.    

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, bu il dünyada 239 milyard dolların “Əşyalar interneti” üçün avadanlıq alışına, xüsusilə modul və ötürücülərin, eləcə də infrastruktur avadanlığı və təhlükəsizlik vasitələrinə sərf ediləcəyi proqnozlaşdırılır. Bazarda böyüklüyünə görə ikinci seqment servislər, ondan sonra isə proqram təminatı və rabitə xidmətləri olacaq. Proqram təminatı arasında başlıca yerləri mobil əlavələr, analitik vasitələr, “Əşyalar interneti” platformaları və təhlükəsizlik vasitələri tutur. Analitiklərin qənaətinə görə, 2021-ci ilədək “Əşyalar interneti” sahəsində layihələrin 55 faizindən çoxunun büdcəsi proqram və servislərə ayrılacaq.

Bildirilir ki, iqtisadiyyatın “Əşyalar interneti” texnologiyalarının alışı üzrə istehsalat (189 milyard dollar), nəqliyyat (85 milyard dollar) və kommunal təsərrüfat (73 milyard dollar) liderlik edir. İstehsalatda “Əşyalar interneti” əsasən istehsal fəaliyyətinin dəstəklənməsi və aktivlərin idarə edilməsi, nəqliyyatda yüklərin monitorinqi, kommunal təsərrüfatda isə intellektual elektrik, qaz və su təchizatı şəbəkələrinin yaradılması üçün tətbiq edilir.

2018-ci ildə “Əşyalar interneti” bazarının istehlak seqmentinin 62 milyard dollaradək artacağı gözlənilir. Onun əsasını isə “ağıllı” ev texnologiyaları təşkil edəcək.

Qeyd edək ki, “IoT” bir-biri ilə əlaqə üçün quraşdırılmış texnologiyalarla təchiz edilən fiziki əşyaların hesablama şəbəkəsi konsepsiyasıdır. 

Nizam Nuriyev 





29/01/18    Çap et