Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qurğuların blokdan çıxarılması üçün yeni üsul hazırlanıb


“Samsung” şirkəti yeni istifadəçi biometrik autentifikasiya metoduna görə patent hüququ almaq üçün müraciət edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, hazırda şəxsiyyətin təsdiqi üçün barmaq izi, gözün qüzehli qişası və sifətin skan edilməsi kimi bir neçə populyar üsul mövcuddur. Praktika göstərir ki, bu metodların hər birindən bu və ya digər şəkildə yan keçmək mümkündür. Bu səbəbdən Cənubi Koreya şirkəti daha təhlükəsiz texnologiyanın hazırlanması ilə məşğuldur.

Məlumata görə, “Samsung” qurğuların blokdan çıxarılması üçün arterial təzyiqdən istifadəni təklif edir. Smartfon və ya “ağıllı” saatlarda xüsusi ötürücülər bütün lazımi məlumatları toplayacaq, proqram təminatı isə onların yaddaşda saxlanılan nümunə ilə müqayisəsini aparacaq. Alqoritm istifadəçinin fiziki vəziyyətdən asılı olmayaraq qurğunu blokdan çıxara bilməsi üçün müxtəlif faktorları nəzərə alacaq.

Yeni metodun bütün aktual üsullardan fərqi ondan ibarətdir ki, arterial təzyiqi insanın icazəsi olmadan tanımaq və saxtalaşdırmaq qeyri-mümkündür. Üsul bütün mövcud metodlardan təhlükəsiz olsa da, onun “Samsung” qurğularında tətbiq ediləcəyinə zəmanət verilmir.  

Nizam Nuriyev 





29/01/18    Çap et