Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sənaye müəssisələrinə məqsədli haker hücumlarının sayı artır


“Kasperski laboratoriyası” antivirus şirkəti sənaye müəssisələrinə qarşı məqsədli haker hücumlarının sürətlə yayılmasını əks etdirən tədqiqatın nəticələrini dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, 2017-ci ildə bu hücumlarla sənaye sektorunu təmsil edən şirkətlərin 28 faizi rastlaşıb. 2016-cı ildə bu pay göstəricisi 20 faizə bərabər olub.

Bildirilir ki, kibercinayətkarlar sənaye sektoruna daha çox diqqət yetirsələr də, şirkətlər onların qarşısını necə almağı anlamırlar. Belə ki, təxminən hər ikinci sənaye müəssisəsi (48 faiz) bəyan edib ki, biznesin üzləşdiyi təhlükələr barədə kifayət qədər biliyə malik deyil. Bununla yanaşı, rəyi soruşulanların 87 faizi il ərzində minimum bir mürəkkəb kiberinsidentlə rastlaşdığını etiraf edib.

Şirkət nümayəndələrinin sözlərinə görə, məqsədli hücumların başlıca xüsusiyyəti və təhlükəsi ondan ibarətdir ki, onlar hər konkret təşkilat üçün uyğunlaşdırılır. Belə hücumlar məxfi məlumatların sızması, istehsalın dayandırılması və ya nüfuza xələl gətirməklə nəticələnə bilər. Bundan əlavə, hakerlər istehsal prosesinə müdaxilə (məsələn, rəqiblərin sifarişi ilə məhsulun buraxılışını dayandırmaq və ya zay məhsulların istehsalına səbəb olmaq) edə bilərlər.

Nizam Nuriyev 





01/02/18    Çap et