Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aİ-də bərpa olunan enerjinin payı ilk dəfə kömür enerjisinin payını üstələyib


2017-ci ildə Avropa İttifaqı ölkələrində bərpa olunan mənbələrdən hasil edilən enerjinin payı tarixdə ilk dəfə kömürlə işləyən elektrostansiyalarda istehsal edilən enerjinin payını üstələyib. Bu barədə “Quartz” nəşri “Sandbag” və “Agora Energiewende” mərkəzlərinin hazırladığı birgə hesabata istinadən məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, analitiklərin məlumatına görə, ötən il Aİ-də külək, günəş və bioyanacaq elektrostansiyalarında bütün elektrik enerjisinin 20,9 faizi hasil edildiyi halda kömür elektrostansiyalarının payı 20,6 faiz təşkil edib. Digər mənbələrə gəldikdə, burada 19,7 faiz qaz elektrostansiyalarının, 10,9 faiz su elektrik stansiyalarının payına düşüb. Buna baxmayaraq hasil edilən enerjidə payı 25,6 faizə bərabər atom elektrostansiyaları birinciliyi qoruyur.

Hesabat müəllifləri qeyd edir ki, beş il əvvəl kömürlə işləyən elektrostansiyalar istehsala görə külək, günəş və bioyanacaq elektrostansiyalarını iki dəfədən çox geridə qoyub. Aİ-də bərpa edilən enerjinin əsas artımı Almaniya və Böyük Britaniyanın payına düşür: iki ölkə ümumilikdə Avropa İttifaqında bütün elektrik enerjisinin 30 faizini istehsal edir. Lakin bərpa edilən mənbələrdən enerji barədə danışılsa, son üç ildə onların bu sektorda artım payı 56 faiz təşkil edib. Eyni zamanda Şərqi Avropa ölkələrində hələ də kömürlə işləyən elektrostansiyalardan aktiv istifadə olunur.

Bərpa olunan enerjinin müəyyən uğurlarına baxmayaraq 2017-ci ildə Aİ-nin energetika sektorunda karbon qazı tullantılarının (CO2) həcmi dəyişməz qalıb, lakin sənaye sektoru sayəsində CO2 tullantılarının ümumi həcmində artım qeydə alınıb.

Xatırladaq ki, ötən ilin oktyabrında Beynəlxalq Energetika Agentliyi 2016-cı ilin yekunları üzrə günəş elektrostansiyalarının inkişaf templərinin ilk dəfə kömür elektrostansiyalarının inkişaf templərini üstələməsini açıqlayıb. Məlumata görə, günəş elektrostansiyalarının istehsal gücünün artımı 74 QVt, kömür elektrostansiyalarının isə 57 QVt təşkil edib. Bununla yanaşı, günəş enerjisinin istehsal gücünün artımının 50 faizi Çinin payına düşüb.

Nizam Nuriyev 





01/02/18    Çap et