Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet fırıldaqçılığı qlobal problemə çevrilib


“Experian” şirkətinin apardığı tədqiqatdan internet fırıldaqçılığının başlıca qlobal təhlükələrdən biri olması məlum olub.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, “Dünyada fırıldaqçılığın inkişafı və fərdi məlumatların oğurlanması haqqında” hesabata görə, cinayətkarların aktivliyinin miqyasının artımı və inkişafı davam edir. Respondentlərin 72 faizi kibercinayətkarlığı narahatlıq üçün ciddi səbəb kimi göstərib. Hər altıncı şirkət qeyd edib ki, 2017-ci ildə cinayət əməlləri nəticəsində dəyən ziyan 2016-cı illə müqayisədə azalmayıb və artımı davam edib.

Analitiklər müəyyənləşdirib ki, şirkətlərin müştəriləri düzgün identifikasiya etmək bacarığı cinayət əməllərinin qarşısının alınmasında vacib amildir – şirkətlərin 84 faizi bununla fırıldaqçılıq risklərini azalda bilər. Şirkətlərin yalnız 40 faizi cinayətkarları dəqiq və vaxtında aşkarlaya biləcəyinə əmindir. Təşkilatların əksəriyyəti isə şübhə yarandıqda özlərini sığortalayaraq müştərilərə xidmət göstərməkdən imtina edir ki, bu da satış həcminin və sayının azalmasına, eləcə də loyallığın itməsinə səbəb olur. Sahibkarların 75 faizi xidmətlərin göstərilməsi prosesini çətinləşdirməyərək mühafizəni təmin edən müasir təhlükəsizlik tədbirləri görmək istəyərdi.

Tədqiqat zamanı “Experian” 5 500 istifadəçinin və dünyanın 11 bazarında fəaliyyət göstərən şirkətlərin 500 rəhbərinin rəyini öyrənib.

Nizam Nuriyev 





02/02/18    Çap et