Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube Go” əlavəsi 130 ölkədə istifadəyə verilib


"Google" şirkətinə məxsus "YouTube" servisi 2016-cı ilin sentyabrında inkişaf etməkdə olan ölkələrin istifadəçiləri üçün nəzərdə tutulan və internet trafikinə qənaət məqsədilə kontent yükləməyə imkan verən "YouTube Go" mobil əlavəsini təqdim edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, əvvəlcə proqramdan yalnız Hindistan istifadəçiləri yararlana bilsələr də, hazırda Mərkəzi və Cənubi Amerika, Yaxın Şərq, Afrika və Asiyanın 130 ölkəsinin sakinləri onu yükləyərək "Android" sistemli smartfonlara quraşdırmaq imkanı əldə ediblər.
 
Məlumata görə, proqramın ümumilikdə adi "YouTube" əlavəsini xatırlatmasına baxmayaraq onun vasitəsilə istifadəçilər bəyəndikləri videoçarxları yükləyərək onları "Bluetooth" ilə dostlarla paylaşa bilərlər. Bundan başqa, video qurğunun yaddaşında saxlanılan zaman istifadəçi internet bağlantısının tipindən və smartfonun boş yaddaş tutumundan asılı olaraq yüksək və ya aşağı keyfiyyəti seçmək imkanına malik olacaq.
 
Qeyd edək ki, inkişaf etməkdə olan ölkələr üçün müxtəlif əlavələrin xüsusi versiyalarını digər şirkətlər də təqdim edir. Məsələn, 2016-cı ilin oktyabrında "Facebook" şirkəti eyniadlı messencerin sadələşdirilmiş versiyasını buraxıb, ötən ilin payızında isə istifadəçilər "Messenger Lite" adlı əlavədən yararlanmağa başlayıblar.
 
Nizam Nuriyev 





03/02/18    Çap et