Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia Sirocco” əmtəə nişanı bərpa ediləcək


"HMD Global" şirkəti "Nokia" mobil telefonları üçün bahalı "Sirocco" əmtəə nişanını bərpa etmək niyyətindədir. Bu məqsədlə "TA-1005" nömrəli model üçün "Nokia 8 Sirocco" əmtəə nişanı qeydiyyatdan keçirilib.

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, "Sirocco" 2006-cı ildə buraxılan məşhur bahalı "Nokia 8800 Sirocco" telefonunun davamı olacaq. Sapfir şüşə və polad panellərin istifadə edildiyi, eləcə də dəstə dəri çexolun daxil olunduğu qurğu o vaxt ən bahalı "Nokia" modeli hesab edilib.  

Bildirilir ki, əvvəllər "TA-1005" model nömrəsi buraxılışı gözlənilən qabaqcıl "Nokia 9" smartfonuna aid edilib. Bu dəfə isə məlum olub ki, model "Nokia 8 Sirocco" adı ilə buraxıla bilər.

İlkin məlumatlara görə, smartfon "LG" şirkətinin istehsalı olan "OLED" ekran, "Qualcomm Snapdragon 835" prosessoru, 12+13 meqapikselli qoşa əsas və "selfie" üçün qoşa ön kamera və 3250 milliamper/saat tutumlu akkumulyator ilə təchiz ediləcək.

Smartfonun təqdimatı fevralın 26-dan martın 1-dək Barselonada keçiriləcək "MWC 2018" sərgisində planlaşdırılır.

Nizam Nuriyev 





05/02/18    Çap et