Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Chrome OS” planşetlərdə “Android” sistemini əvəz edəcək


“Chrome OS” əməliyyat sisteminin yeni versiyasında “Android” mobil platformasının bir sıra funksiyaları istifadəyə verilib. Bu, “Google” şirkətinə əməliyyat sistemini yaxın gələcəkdə bütün planşetlərə quraşdırmağa imkan verəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, yeni versiyada planşetlər üçün nəzərdə tutulan imkanlar arasında, məsələn, skrinşot və ekranın bir neçə sahəyə bölünməsi funksiyaları “Android” platformasından “Chrome OS” sisteminə keçib.

Məlumata görə, yeniliklər əməliyyat sisteminin gələcəyini təhlil etməyə imkan verir. “Google” şirkətinin planşetlərdə “Android” sistemini əvəzləyəcəyi ehtimal olunur. Gələcəkdə “Chrome OS” bütün tip “Google” qurğuları ilə işləyən hibrid proqram təminatına çevrilə bilər.

Bildirilir ki, hər iki əməliyyat sisteminin tərtibatçılar qrupu daim sıx əməkdaşlıq edir, “Android” üçün əlavələr isə “Chrome OS” ilə tam uyğun gəlir.

Planşetlər sadələşdirilmiş noutbuklara nə qədər bənzəsə, bir o qədər proqram məhsulları arasında fərq artacaq. “Android”in “Google” şirkətinin aparıcı mobil əməliyyat sistemi olaraq qalacağı ehtimal olunur. Bundan başqa, noutbuk və böyük ekranlı qurğular onlara gündəlik vəzifələrin öhdəsindən daha yaxşı gəlməyə imkan verən həllərlə təchiz ediləcək.

“Chrome OS” əməliyyat sisteminin “Android” mobil platformasını əvəzləyəcəyi ilə bağlı ehtimallar mütəmadi olaraq təsdiqini tapır. Yanvarda internetdə “Chrome” sistemli “Acer” planşet kompüterinin Londonda texnoloji sərgidə çəkilən fotoşəkili dərc olunub. Lakin fotoşəkil məhsulun rəsmi təqdimatının sonradan baş tutacağı ilə əlaqədar təcili silinib. 

Nizam Nuriyev 





05/02/18    Çap et