Qlobal noutbuk bazarının həcmi 2% yüksəlib
“TrendForce” analitik şirkətinin məlumatına görə, qlobal noutbuk bazarının həcmi 2%-dən çox yüksəlib və “Apple” avadanlığın tədarük həcminə görə “ASUS” şirkətini geridə qoyub.
2017-ci ildə istehsalçılar ümumilikdə 164,7 milyon yığcam kompüter istehsal ediblər. Bu, əvvəlki göstəricidən (161,2 milyon) çoxdur. Ekspertlər 0,7%-lik artım gözləyirdilər.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, “HP Inc.” ən böyük noutbuk istehsalçısı adını qoruyub saxlayır. Bundan başqa, ABŞ şirkəti ikinci yarımillikdə qeydə alınmış rekord tədarük həcmi sayəsində mövqeyini möhkəmləndirib. 2017-ci ildə “HP” brendi adı altında 40 milyondan çox noutbuk tədarük edilib ki, bu da ötən illə müqayisədə 10,5% daha çoxdur. Beləliklə, sözügedən şirkətin bazar payı artaraq 24,3%-ə yaxınlaşıb.
“Lenovo” ikinci yeri tutur, amma Çin şirkətinin Asiya və Avropada satış həcminin güclü olmasına baxmayaraq yığcam FK-nin tədarük həcmi təxminən 5% azalıb. Qlobal noutbuk bazarında “Lenovo” şirkətinin bazar payı 21,7%-dən 20,2%-dək azalıb.
2017-ci ilin nəticəsinə görə, 15,2% bazar göstəricisinə malik “Dell” şirkəti üçüncü yeri tutub. Şirkət Şimali Amerikanın dövlət orqanlarından edilmiş böyük sifarişlər və xrombukların tədarük həcminin artması sayəsində noutbuk istehsalını 0,5% artırıb.
Emil Hüseynov