Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni dron 12 kamera və süni intellektlə təchiz edilib


“Skydio” şirkəti məkanda istiqamətin müəyyənləşdirilməsi üçün 12 kamera ilə təchiz olunan və maneələrə tuş gəlməmək məqsədilə onu əhatə edən obyektlərin həcmli xəritəsini yarada bilən qeyri-adi “Skydio R1” pilotsuz uçan aparatını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, dronun 8 kamerası aparat ramasının perimetri üzrə yerləşir, digər 4 kamera isə hərəsi 2 olmaqla yuxarı və aşağı istiqamətə yönəlib. Həmçinin pilotsuz uçan aparat 4 girostabilizator və uçuş zamanı “4K” videonu çəkməyə imkan verən əsas kamera ilə təchiz edilib. Kamera məlumatlarının emalı üçün “Skydio R1” dronu dördnüvəli prosessora və 256 nüvəli videoprosessora malik “NVIDIA Jetson TX 1” çipindən istifadə edir. Tərtibatçılar tərəfindən hazırlanan xüsusi kompüter görmə alqoritmindən istifadə edən aparat kamera təsvirlərini birləşdirərək ətraf məkanın həcmli xəritəsini yaradır. Bu sistem sayəsində pilotsuz uçan aparat maneələrdən yan keçərək böyük sürətlə seçilmiş obyekti avtomatik təqib edə bilir.

Məlumata görə, dronun avtomatik uçuş vaxtı 16 dəqiqə, maksimal sürəti saatda 40 km təşkil edir. Tədarük dəstinə idarəetmə pultu daxil deyil. Bunun üçün “Skydio R1” istifadəçisi smartfondan yararlana bilər. Bununla yanaşı, alqoritmlərin texniki xüsusiyyətlərinə görə dron dəniz üzərində uçmaq imkanına malik deyil. Buna səbəb kimi sistemin kəskin dəyişən səthlərinin tanınması vəzifəsinin öhdəsindən pis gəlməsi qeyd olunur.
 
Tədarükünə yaxın həftələrdə başlanacağı gözlənilən dronun qiyməti (dəstə iki akkumulyator daxil olmaqla) 2500 dollar təşkil edəcək.  

Nizam Nuriyev
 






15/02/18    Çap et