Avstraliyada qrafenin köməyilə suyun filtrasiyası və duzdan təmizlənməsi texnologiyası yaradılıb
Avstraliya Elmi və Tətbiqi Tədqiqatlar Birliyi (CSIRO) tərəfindən hazırlanmış texnologiya bir mərhələdə qrafenin köməyi ilə suyu süzgəcdən keçirməyə və duzdan təmizləməyə imkan verir.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.newsru.ru” saytına istinadən yazır ki, alimlər əvvəllər də suyu süzgəcdən keçirən membranların yaradılması üçün qrafendən istifadəni təklif ediblər, ancaq problem uyğun gələn qrafen vərəqlərinin istehsalı üzrə kütləvi və ucuz texnologiyanın olmaması ilə bağlı idi. Avstraliyalı alimlər bu maneənin öhdəsindən gəlməyə nail olublar: əvvəllər “CSIRO”-da soya yağından qrafen istehsalı üzrə ucuz metod hazırlamışdılar, indi isə suyun filtrasiyası üçün qrafen plyonkadan istifadə etməyi öyrəniblər. Qrafen plyonka suyu buraxır, amma duzu və çirkləndirən maddələri saxlayır.
“CSIRO”-da hesab edirlər ki, təklif edilmiş filtrasiya texnologiyası suyun təmizlənməsi üçün bahalı və çoxpilləli metodlardan imtina etməyə imkan verəcək. Alimlərin fikrincə, qrafen filtrlərin tətbiqi içməli suyun çatışmazlığının probleminin həllində kömək edə bilər.
Emil Hüseynov