Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tanışlıq saytlarının istifadəçiləri fırıldaqçılarla üzləşir


“ESET” şirkəti tanışlıq saytlarına daxil olmalarla əlaqədar risklərin qiymətləndirildiyi tədqiqatın nəticələrini dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, sorğu bu ay MDB internet istifadəçiləri arasında keçirilib. Məlum olub ki, əksər respondentlər (43 faiz) tanışlıq saytlarından ciddi münasibətlər üçün tərəf müqabili axtarmaq məqsədilə istifadə edir. Rəyi soruşulanların daha 17 faizi vaxtı xoş keçirmək istəyir, 10 faizi ailə həyatına rəngarənglik qatmağa çalışır.

Maraqlıdır ki, respondentlərin 14 faizi tanışlıq saytlarından onların birbaşa təyinatı üzrə istifadə etmir. Belə ki, rəyi soruşulanların 10 faizi xarici dil biliklərinin yaxşılaşdırılması məqsədilə ünsiyyət qurur, respondentlərin 4 faizi isə belə resurslara işgüzar məqsədlər, məsələn, bu və ya məhsul və xidmətləri reklam etmək üçün daxil olur.

Tədqiqatdan məlum olub ki, tanışlıq saytlarının istifadəçiləri tez-tez müxtəlif risk və təhlükələrlə rastlaşır. Belə ki, respondentlərin 43 faizi qeyri-adekvat həmsöhbətlə ünsiyyətdə olub, 37 faizi isə saxta hesablardan şikayətlənib.

Respondentlərin 28 faizi internetdə fırıldaqçılarla rastlaşıb: onlar bildirib ki, tanışlıq saytlarında həmsöhbətlər onlara şübhəli sayt ünvanları göndəriblər. Daha 18 faiz maddi baxımdan ziyan çəkib. Onlar bu və ya digər səbəblərə görə müəyyən miqdarda pul itkisinə məruz qalıblar. Bundan əlavə, respondentlərin 8 faizi şantaj, təhdid və digər aqressiya təzahürlərinə cəhdlərdən şikayət edib.

Nizam Nuriyev 





16/02/18    Çap et