Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir Ziya Məmmədov: “Nəqliyyatın intellektual idarəetmə sistemi bu ilin sonuna kimi istifadəyə veriləcək”
“Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemi” bu ilin sonundan işə salınmalıdır. Bu barədə nəqliyyat naziri Ziya Məmmədov açıqlama verib. Onun sözlərinə görə, Bakı şəhərində nəqliyyatın hərəkətində yaranmış və getdikcə artan problemlərin aradan qaldırılması üçün ən müasir texnologiyalar tətbiq edilməkdə məqsəd şəhər nəqliyyatının idarə edilməsi sisteminin yaradılmasıdır. Sistemə sərnişindaşıma marşrutlarının optimallaşdırılması, marşrutlar üzrə avtobuslar arasındakı intervalların avtomatik tənzimlənməsi, avtobuslar və marşrutlar üzrə sərnişinlərin miqdarı haqqında məlumatların toplanması, avtobusların hərəkətinin cari vəziyyəti, hərəkət sürəti, dayanacaqlara çatma və yoladüşmə və s. daxil olmaqla sərnişin avtobuslarını idarəetmə sistemi, eləcə də nəqliyyat axınlarından asılı olaraq işıqforların tam avtomatik idarə olunması və məsafədən icbari idarəetmə sistemlərinin tətbiq olunması yolu ilə tıxacların yaranmasının qarşısının alınması da daxildir.
Bundan başqa fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə olunmasının təşkili, yollarda, yol ötürücülərində, dayanacaqlarda və parklama yerlərində qəzalar (yol-nəqliyyat hadisələri, terror aktları) haqqında məlumatların yığılması, qeydə alınması və aidiyyəti təşkilatlara ötürülməsi, dayanacaqlarda, şəhərin giriş və radikal yollarında elektron idarəetmə sistemli məlumat tablolarının quraşdırılması, elektron-kart ödəmə sisteminin tətbiqi də layihədə öz əksini tapıb.
Layihənin əhatə dairəsinə Bakının mərkəzi və şəhəri əhatə edən əsas çevrə və çevrədaxili paylayıcı yollar daxildir.
16/06/11 Çap et