“Android” sistemi üçün təhlükələrə həsr edilən hesabat təqdim olunub
“Eset” antivirus şirkəti “Android” əməliyyat sistemi üçün aktual təhlükələrə həsr edilən hesabat dərc edib.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm
www.dailycomm.ru” resursuna istinadən yazır ki, ekspertlərin məlumatına görə, 2017-ci ildə “Android” üçün fırıldaqçı proqramların payında platforma üçün təhlükələrin ümumi sayının artmasına baxmayaraq azalma qeydə alınıb. Lakin şirkət xəbərdarlıq edir ki, 2018-ci ildə “DoubleLocker” kimi yeni fırıldaqçı virusların aktivliyi gözlənilir.
Məlumata görə, ötən ilin oktyabrında “Eset” şirkəti tərəfindən “DoubleLocker” – “Android Accessibility Service” xüsusi imkanlar xidmətindən istifadə edən ilk mobil şifrləmə proqramı aşkarlanıb. Zərərli proqram fırıldaqçılıq üçün iki alətə malikdir: o, qurğunun yaddaşındakı məlumatları şifrləyir, eləcə də PİN kodu sərbəst koda dəyişdirə bilir.
Bildirilir ki, 2017-ci ildə cinayətkarlar daha çox qurğunun ekranını bloklayaraq pul tələb etməklə lisenziyasız proqram təminatının yayılması və digər oxşar pozuntular üçün bloklama haqqında rəsmi məlumatları imitasiya edən “polis” adlı fırıldaqçı proqramlardan istifadə ediblər.
Qeyd edək ki, “Android Accessibility Service” xüsusi imkanlar xidməti fiziki imkanları məhdud insanlar üçün qurğularla işi sadələşdirir. Servisdən ilkin olaraq mobil bank troyan müəllifləri, daha sonra fırıldaqçı proqram yaradıcıları istifadə etməyə başlayıb.
Nizam Nuriyev