Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ekzoplanetlərin axtarışı üçün yeni teleskop buraxılacaq


ABŞ Kosmik Agentliyi (NASA) apreldə ekzoplanetlərin axtarışı ilə məşğul olacaq yeni "TESS" (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopunu buraxmağı planlaşdırır.

"ICTnews" Elektron Xəbər Xidməti "Popmech www.popmech.ru" resursuna istinadən yazır ki, teleskop yüksək elliptik orbitə çıxarılaraq onun enlibucaqlı kameraları vasitəsilə xüsusilə ulduzların olduqları zonalarda kiçik, daşlı, buzla örtülmüş dünyaların axtarışının aparılması nəzərdə tutulur.

Məlumata görə, "TESS" teleskopunun "Kepler" kosmik teleskopu kimi tranzit fotometriya metodundan istifadə etməsinə baxmayaraq güclü kameralar sayəsində daha parlaq ulduzları tədqiq edə biləcək. Bundan başqa, o, "Kepler"in əhatə dairəsini 400 dəfə üstələyən sahəni əhatə edəcək və 200 mindən çox tranzit hadisəsini (planet ulduz dairəsinin qarşısından keçəndə və sonuncunun parlaqlığı bir qədər azalanda) izləyəcək.

Bildirilir ki, "TESS" 2017-ci ildə Virciniyada "Orbital ATK" aerokosmik şirkətinin kompleksində olub. Orada mühəndislər tərəfindən teleskopun quraşdırılması və onun komponentlərinin sınaqları aparılıb. Ötən həftə isə teleskop Kennedi Kosmik Mərkəzinə gətirilib və hazırda burada buraxılış üçün hazırlıq işləri görülür.
  
Plana görə, "TESS" teleskopunun Kanaveral kosmodromundan "Falcon 9" raketdaşıyıcısı vasitəsilə buraxılışı həyata keçiriləcək. "NASA" nümayəndələrinin gözləntilərinə görə, teleskop minlərlə yeni ekzoplanet kəşf etməklə sonradan onlara buraxılışı növbəti ilə nəzərdə tutulan Ceyms Uebb adına kosmik teleskop vasitəsilə daha ətraflı tədqiqatın aparılmasına imkan verəcək.

Nizam Nuriyev




19/02/18    Çap et