Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlar üçün “Wi-Fi 802.11ax” standartını dəstəkləyən ilk çip yaradılıb


“Qualcomm” şirkəti Barselonada keçiriləcək “Mobile World Congress 2018” (MWC) sərgisi ərəfəsində qabaqcıl “WCN3998” simsiz rabitə çipini nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, şirkət çipi  smartfon və digər kompüter qurğuları, o cümlədən noutbuk, planşet və hibrid noutbuklar üçün “Wi-Fi 802.11ax” standartını dəstəkləyən ilk inteqrasiya olunmuş həll kimi qələmə verir.  
 
Məlumata görə, yeni “Wi-Fi 802.11ax” standartı “802.11ac Wave-2” standartı ilə müqayisədə simsiz şəbəkənin yüklənmiş efir şəraitində spektral effektivliyini yaxşılaşdıracaq və nəzəri buraxılış qabiliyyətini 2 dəfə artıracaq.  
 
“Wi-Fi 802.11ax” prosessorunun daha bir vacib üstünlüyü yüksək enerji effektivliyindən ibarətdir. Belə ki, enerji sərfiyyatının əvvəlki nəsil həllərlə müqayisədə 67 faiz azalacağı bildirilir.
 
“WCN3998” çipi “WPA3” simsiz şəbəkə təhlükəsizliyi protokolunu dəstəkləyəcək. Protokol məlumatların fərdiləşdirilmiş şifrləməsindən istifadə edərək açıq şəbəkə istifadəçilərini qoruyur.
 
Yeni “Qualcomm” məhsulu, həmçinin “Bluetooth 5.1” simsiz rabitəsinin dəstəklənməsini təmin edəcək.
 
“WCN3998” prosessorunun sınaq tədarüklərinə bu ilin ikinci rübündə başlamaq nəzərdə tutulur.
 
Nizam Nuriyev






22/02/18    Çap et