“NASA” səylərini Ay və Marsın tədqiqinə yönəldəcək
ABŞ Kosmik Agentliyinin (NASA) yaxın perspektiv üçün məqsədləri Yerətrafı orbitdə işlərin davam etdirilməsindən, eləcə də, Aya, Marsa və Günəş sisteminin uzaq planetlərinə uçuşların hazırlanmasından ibarətdir. Bu barədə “NASA” direktoru vəzifəsini icra edən Robert Laytfut ABŞ Kosmik Şurasının iclasında bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti “
TASS” resursuna istinadən yazır ki, onun sözlərinə görə, Ayın tədqiqi proqramının həyata keçirilməsi zamanı ABŞ qarşısına Ay ətrafında və onun səthində uzunmüddətli qalmanın təmin edilməsini məqsəd qoyur. “Gözləntilərə görə, Aya ilk uçuş 2020-ci ildə baş tutacaq. Biz Ay səthinə və əks istiqamətdə uçuşlar etmək və Marsın tədqiqinə hazırlaşmaq üçün Ay orbital platforması yaratmaq niyyətindəyik”, - o qeyd edib.
R.Laytfut vurğulayıb ki, “NASA” Ay səthində ilk kommersiya kosmik özüyeriyən aparatının 2020-ci ildən gec olmayaraq işə düşməsi üçün yardım göstərəcək. Onun sözlərinə görə, bu, ABŞ-ın Yer peykində milli strateji iştirakını təmin edəcək.
R.Laytfut qeyd edib ki, ABŞ Mars və digər Günəş sistemi planetlərinin tədqiqi sahəsində lider mövqeyini qorumaq niyyətindədir. “2020-ci ildə Marsa özüyeriyən aparat göndəriləcək və bu, Mars səthindən torpaq nümunəsinin mümkün çatdırılmasının yoxlanışında ilk addım olacaq. Proqram gələcək tədqiqatlar üçün imkanlar açacaq”, - agentlik rəhbəri bəyan edib.
Yerətrafı məkandan istifadə perspektivlərinə toxunan R.Laytfut bildirib ki, özəl sektor 2025-ci ilədək “NASA”-nın dəstəyi ilə Yerətrafı orbitdə əməliyyatların həyata keçirilməsi üçün imkanlar əldə edəcək. “Biz 2018-ci ildən etibarən Beynəlxalq Orbital Stansiyadan istifadə ilə bağlı məsələlərdə digər ölkələrlə əməkdaşlığı genişləndirəcəyik. Biz yeni texnologiyaların Yerətrafı orbitdə istifadə imkanlarını nümayiş etdirmək üçün dövlət-özəl tərəfdaşlığını genişləndirməyi planlaşdırırıq”, - o əlavə edib.
Nizam Nuriyev