Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal internetin təmini üçün iki peyk buraxılıb


ABŞ-ın məşhur iş adamı İlon Maska məxsus özəl “SpaceX” şirkəti qlobal internetin təmini üçün iki peykin olduğu “Falcon 9” raketdaşıyıcısının uğurlu buraxılışını həyata keçirib. Bu barədə şirkətin “Twitter” səhifəsində deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, buraxılış fevralın 22-də ABŞ Hərbi Hava Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasında baş tutub. Raketdaşıyıcısının buraxılışı əvvəlcə fevralın 17-nə nəzərdə tutulsa da, hava şəraiti və texniki nasazlıq səbəbindən üç dəfə təxirə salınıb.
 
Məlumata görə, “Microsat-2a” və “Microsat-2b” aparatları 12 mindən ibarət peyk qruplaşmasının ilk iki peykidir. Şirkət onlar vasitəsilə Yer kürəsinin bütün nöqtələrini internetlə təmin etmək niyyətindədir.  
 
Həmçinin “Falcon 9” raketdaşıyıcısı İspaniyanın radiolokasiya müşahidəsi üçün nəzərdə tutulan “PAZ” dövlət peykini buraxıb.
 
“Starlink” adlanan peyk rabitə sisteminə daxil olan təxminən 4,5 min peyk 1,1-1,3 min kilometr hündürlükdə hərəkət edəcək. Daha 7,5 min aparatın 346 km hündürlüyə çıxarılması planlaşdırılır.
 
Nizam Nuriyev





23/02/18    Çap et