Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"İdeyadan Biznesə" şüarı ilə “Startap Günləri”nə start verildi


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və "Startap Azərbaycan"ın təşkilatçılığı ilə bu gündən etibarən ənənəvi “Startap Günləri”nə start verilib.
 
“Startap Günləri” bu il "İdeyadan Biznesə" şüarı ilə keçirilir. Bu gün Qərbi Kaspi Universitetində start verilən “Startap Günləri” 2 gün davam edəcək.
 
Tədbirdə Qərbi Kaspi Universitetinin tələbələri ilə yanaşı, bir sıra məktəblərin yuxarı sinif şagirdləri də iştirak edib.
 
Tədbirdə iştirakçılar üçün beynəlxalq və yerli ekspertlər, həmçinin yerli mentorlar tərəfindən təlimlər də təşkil edilib. İki gün ərzində yerli startapçıların, ekspertlərin və İT şirkət rəhbərlərinin yeni başlayan, internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq.
 
“Startap Günləri”ndə tələbələr innovativ biznes ideyaları ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda bu layihələrin təqdimatları və yarışı təşkil olunacaq. Layihələr peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
 
Qaliblərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Qərbi Kaspi Universitetinin, eləcə də təşkilatçıların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.
 
Qeyd edək ki, “Startap Günləri”nin keçirilməsində məqsəd ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək və startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.











23/02/18    Çap et