Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xocalıda sağ qalmaq: Xatırlamaq ağır, unutmaq mümkünsüzdür


ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan "Jewish Journal"-da Xocalı soyqırımının şahidi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin əməkdaşı olan Dürdanə Ağayevanın "Xocalıda sağ qalmaq: Xatırlamaq ağrılı, unutmaq mümkünsüzdür" məqaləsi dərc olunub.
 
Məqalənin Azərbaycan dilinə tərcüməsini oxucularımızın diqqətinə çatdırırıq.
 
                                                               * * *
 
İşgəncələrə məruz qaldığımdan illər uzunu onurğa sütunumda bir neçə dəfə əməliyyat keçirmişəm. Həm də bu hekayəmi bölüşmək üçün dünyanı dolaşmışam, səyahət etmişəm ki, dünyada daha çox insanlar 1992-ci il fevralın 25-də Azərbaycanın Xocalı şəhərində şaxtalı bir gecədə baş verənləri başa düşsün və bu tarix heç vaxt unudulmasın. Mən, hətta bir neçə il bundan əvvəl yəhudi icmasının rəhbərləri və üzvləri ilə görüşmək üçün Los-Anсelesə getmişdim. Məqsədim ölkəmizin başına gətirilən bu dəhşətli hadisələrlə onları tanış etmək və bu olanları onlarla paylaşmaq idi. Erməni ordusunun 20 yaşlı əsiri kimi işgəncə düşərgəsində yaşadığım dəhşəti unutmaq üçün hər şeyi qurban verərdim. Ancaq bunun bu yolla daha yaxşı olacağını bilirəm - mənim sağalmağım və dünyanın bu dəhşəti daha yaxşı bilməsi.
 
Xocalı faciəsi kimi bu fəlakətlər barədə bilmək niyə bu qədər önəmlidir? Bu gün dünyaya bir baxın. Myanmarda müsəlmanlara nələr olduğuna bir baxın. Suriyadakı uşaqların başına nələr gətirildiyinə baxın. Bu dünya hələ də bu günə qədər var olan zülm, qəddarlıq və qeyri-insani hərəkətlərin qurbalarının çəkdiklərini çox asanlıqla unudur. Həyatda qalanlar danışmasalar, hekayələrini paylaşmasalar, daha çox problem olacaq və xatırlama daha çətin olacaq.
 
Mən Holokost və sağ qalanlar barədə fikirləşəndə düşünürəm ki, oranın sağ qalan qurbanları yaşa dolur və bu həyatdan köçüb gedirlər. Halbuki bizim hələ də onların varlığına və yaşadıqları işgəncələri dinləməyə ehtiyacımız var – baş verənləri heç zaman unutmamaq üçün. O qədər insanın həyatına qəsd edildi. Çoxlu sayda uşaq elə ana bətnindəcə ömrünü sona verdi, heç analarına onları təsəvvür etmək imkanı da verilmədi – əvəzində qaz kameralarında, sobalarda, güllələnməklə, işgəncələrlə, aclıqla məhv edildilər.
 
Xatırladığım acı nə olursa-olsun, fərq etməz, bilirəm ki, baş verənləri unuda bilmərəm və başqalarının da xatırlayacağına əmin olmaq üçün əlimdən gələn hər şeyi etməliyəm.
 
Erməni əsgərləri ana vətənimi – Azərbaycanı işğal etməyə qərar verəndə, torpaq və can almaqda bütün ağlagəlməz qəddarlıqlara əl atdılar. Onlar özlərinə qarşı dünyada görünməyən nifrət oyatdılar. Bizim xatırlamamızı istəyirdilər.
 
Erməni işğalçılarının kişi, qadın, uşaq, yaşlı, ümumilikdə 613 nəfəri vəhşicəsinə öldürdüyü zaman, fevralın 25-i və 26 fevral 1992-ci il səhərinin xatirəsini xatırlamalıyıq. Hamımız mühasirəyə alınmışdıq, evlərimizdən meşəyə, təhlükəsiz yerə qaçmağa cəhd edirdik. Dərə boyunca atılmış uşaqların cəsədlərini və belə itkilərə məruz qalmış ailələrin nələr çəkdiklərini unutmamalıyıq.
 
Və eyni zamanda, onlar evlərimizi, abidələrimizi, tariximizi də məhv etdilər. Sanki həmişə orda varmış kimi erməni binalarını tikdirdilər – təkcə Xocalıda deyil, bütün Qarabağ bölgəsində, mənim və çoxlarının uzun müddət yaşadığımız yurd yerimizdə. O yerlər mənim və bir çoxlarının hələ də qayıda bilmədiyi, həyatımız uğrunda ölənlərin məzarlarını ziyarət edə bilmədiyimiz yerlərdir. Bu günə qədər torpağımızı güllə və qorxu altında saxlayırlar.
 
Ermənilər Birləşmiş Millətlər Təşkilatının, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Birləşmiş Ştatlar Konqresinin üzvlərinin, qubernatorların və çox sayda dini liderlərin beynəlxalq ittihamnamələrinə baxmayaraq, öz qanunsuz işğal siyasətlərini davam etdirirlər.
 
Onların yalan və hiylələrinə baxmayaraq, mən bu yolumdan heç vaxt dönməyəcəyəm – hekayəmi paylaşmaqda davam edəcəyəm. Qızımın və bütün qız və oğulların həyatı üçün, təhlükəsiz, ədalətli bir dünyada böyüməsi naminə bu hekayələrimi paylaşmaqda davam edəcəyəm. Vətənimə olan məhəbbət və yaşamaq üçün kifayət qədər şanslı olmayan çox insanın xatirəsi üçün paylaşımımı davam etdirəcəyəm. Paylaşmağı davam etdirəcəyəm nə qədər ki, canımda can var. Mən təxminən 30 ildir ki, əsirlik və işgəncədən xilas olmuşam. Ədalət yerini tutana qədər dünyaya Xocalı haqqında danışmaqda davam edəcəyəm.





26/02/18    Çap et