Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlar bazarında ilk azalma qeydə alınıb


“IDC” analitik şirkəti 2017-ci il dünya smartfonlar bazarına yekun vuraraq tarixdə ilk dəfə satış həcminin azalmasını qeyd edib. Lakin bu il bazarda artımın bərpa olunacağı gözlənilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin qiymətləndirməsinə görə, 2017-ci ildə smartfonların qlobal miqyasda tədarükü 1,46 milyard ədəd təşkil edərək əvvəlki ilə nisbətdə 0,5 faiz azalıb.
 
Analitiklərin proqnozlarına görə, 2018-ci ildə qlobal smartfonlar bazarının həcmi bir neçə faiz artacaq, 2017-2022-ci illərdə isə illik tədarük təxminən 2,28 faiz yüksələrək hesabat dövrünün sonunda 1,68 milyard ədədə çatacaq.
 
Bildirilir ki, 2017-c ildə dünya bazarına tədarük edilən smartfonların 85 faizi “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyib. Bu payın 2022-ci ilədək cüzi artacağı proqnozlaşdırılır.
 
Hesabata görə, ötən il təxminən 216 milyon “iPhone” smartfonu buraxılıb ki, bu da “iOS” əməliyyat sisteminə dünya mobil əməliyyat sistemləri bazarında 15 faiz paya sahib çıxmağa imkan verib. Digər platformaların birgə payı 0,1 faizə bərabərdir.
 
Tədqiqatda qeyd olunur ki, 2017-ci ildə “iPhone” smartfonlarının tədarükünün təxminən 64 faizi iriölçülü “Plus” modellərinin, eləcə də qabaqcıl “iPhone X” modelinin payına düşüb.
 
Analitik şirkətin proqnozlarına görə, 2018-ci ildə “iPhone” smartfonlarının tədarükü 3,7 faiz artaraq 223,8 milyon ədəd təşkil edəcək. 2022-ci ildə istehsal həcminin 242,4 milyon ədədə bərabər olacağı ehtimal edilir. Ekspertlərin sözlərinə görə, yeni sürətlə artan telefon bazarlarını çətinliklə mənimsəyən “Apple” şirkəti bahalı məhsullar seqmentində lider olaraq qalır.   
 
Nizam Nuriyev






28/02/18    Çap et