Yeni nəsil “AirPods” qulaqcıqları sağlamlığa nəzarətə kömək edəcək
ABŞ Patent və Əmtəə Nişanları Bürosu “Apple” şirkətinin növbəti ixtirasını təsdiq edib. Şirkət tezliklə bir və ya bir neçə biometrik ötürücü ilə təchiz edilən “AirPods” qulaqcıqlarının istehsalına başlaya bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “
IGate” resursuna istinadən yazır ki, patent hüququnun əldə edilməsi üçün müraciət dörd ay əvvəl edilib. Bu, şirkətin yeni məhsulun hazırlanması üzərində intensiv iş aparmasından xəbər verir.
Patentə görə, “AirPods” qulaqcıqları təkcə istifadəçinin ürəkdöyünməsinin azalmasını müəyyənləşdirməyəcək. Belə ki, qulaqda çoxlu kapliyarlar keçir ki, bu da insanın tənəffüs tezliyini və qanının miqdarını ölçməyə imkan verəcək. Bundan başqa, konstruksiyaya əlavə edilən bir neçə elektrod stress səviyyəsinə nəzarət edəcək.
Bildirilir ki, ”Apple Watch” saatı ilə birlikdə işləyən simsiz qulaqcıqlar ürəyin vəziyyəti barədə daha dəqiq məlumatlar verə biləcəklər. Bu isə gizli xəstəliklərin aşkarlanmasında faydalı ola bilər.
Qeyd edək ki, yeni nəsil “AirPods” qulaqcıqlarını böyük dəyişikliklər gözləyir. 2018-ci ildə kontaktsız səsli idarəetmə versiyasının buraxılışı, 2019-cu ildə isə sukeçirməz korpusun yaradılması planlaşdırılır.
Nizam Nuriyev