Çin 2022-ci ilədək çox güclü kvant kompüteri yaratmağı planlaşdırır
Çin 2022-ci ilədək 50 kubit gücündə işləyən çox sürətli kvant kompüteri yaratmağı planlaşdırır. Bu haqda Çin Elmlər Akademiyasının üzvü, Çinin aparıcı kvant fiziki Pan Szyanvey məlumat verib.
"Bizim qarşımıza yaxın 5 ildə 50 kubit gücündə kompüter yaratmaq məqsədi qoyulub" – o deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “
tass.ru” saytına istinadən yazır ki, alimin sözlərinə görə, son 5 il Çinin innovativ texnologiyalarının inkişafında qızıl dövr olub. "Əminəm ki, biz gələcəkdə elm və texnika sahəsində daha böyük uğurlar əldə edəcəyik" – Pan Szyanvey vurğulayıb.
Ötən ilin mayında fizik bildirmişdi ki, onun komandası dünyada mövcud olan qabaqcıl analoq kompüterlərdən 24 min dəfə sürətli işləyən kompüter prototipini yaratmağa müvəffəq olub. Alim bu dəfə qeyd edib ki, yaxın 5 ildə "kvantın hökmranlığı" dövrü olacaq.
Müasir kompüterlərdə informasiya vahidi hesab olunan bit iki mümkün vəziyyətdən (sıfır və ya vahid) birində ola bilər. Kvant kompüterində informasiya vahidi hesab edilən kubit isə eyni anda həm sıfır, həm də vahid qiymətlərini ala bilər. Bu, hesablamaları son dərəcə sürətləndirməyə, müasir superkompüterlər üçün əlçatmaz olan məsələləri həll etməyə imkan verir.
Emil Hüseynov