“Katim” smartfonu istifadəçini izləmədən qoruyacaq
“DarkMatter” şirkətinin mütəxəssisləri vacib danışıqlar zamanı mikrofon və kameraya enerjinin ötürülməsini söndürən, eləcə də zəngləri və bildirişləri şifrləyən smartfon yaradıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “
Hi-News” resursuna istinadən yazır ki, smartfonda “Mühafizə” rejimi korpusa quraşdırılan xüsusi düymə vasitəsilə işə salınır. Şirkət rəhbəri Fisal əl-Bannay bildirib ki, heç bir xüsusi xidmət orqanı smartfona çıxış əldə edərək kamera və ya mikrofonu məsafədən işə sala bilməz, çünki düymə fiziki baxımdan onların enerji ilə təchizatını dayandırır.
Məlumata görə, smartfon “Android” sisteminə əsaslanan “KatimOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Mühafizəli barmaq izi skanerinə malik qurğu ayrıca mühafizəli saxlanc açarı sayəsində məlumatların təhlükəsiz saxlanmasını təmin edir. Açarları idarəetmə sistemi də müdaxilələrdən qorunur. “Katim” smartfonunda səs yazılarını qeydə alan qurğuların işini, eləcə də “USB” ilə ötürülən məlumatlara nəzarətin qarşısını alan “Shield Mode” və “Locked Mode” rejimləri quraşdırılıb.
Smartfon hazırda yeganə nüsxədə hazırlanıb və tərtibatçılar qurğunun inkişafı ilə bağlı gələcək planlar barədə məlumat verməkdən imtina edirlər. Digər informasiyalar kimi, qurğunun qiyməti də məlum deyil.
Nizam Nuriyev