Beynəlxalq 5G Slaysinq Assosiasiyası yaradılıb
Bir sıra iri şirkət və təşkilatlar “5G” texnologiyaları əsasında yeni biznes ideyalarının formalaşmasına xidmət edəcək beynəlxalq 5G Slaysinq Assosiasiyası (5G Slicing Association) yaradıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
Servernews” resursuna istinadən yazır ki, şəbəkə slaysinqi sayəsində operatorlar birgə istifadə olunan fiziki infrastruktur əsasında şəbəkə resurslarını “tələbə görə” izolə edə biləcəklər. Slaysinq fərdi tələblərə çevik adaptasiya imkanlarını təmin edir ki, bu da effektiv şəkildə müxtəlif istifadə ssenariləri üçün zəmanətli servislərə malik xüsusiləşmiş şəbəkələr yaratmağa imkan verir. “5G” şəbəkəsini kommersiya tələblərinə uyğun adaptasiya edən şəbəkə slaysinqi İKT sektoru və digər vertikal sahələr üçün yeni texnoloji və kommersiya imkanları yaradır.
Məlumata görə, yeni assosiasiyaya, həmçinin “China Mobile”, “Deutsche Telekom”, “Digital Domain”, “Fraunhofer FOKUS”, “GE”, “Huawei”, “Tencent” və “Volkswagen AG” şirkətləri daxildir. Digər maraqlı tərəfdaşlar da iştiraka dəvət olunur.
Assosiasiya üzvləri “5G” sistemlərinin potensialını tam həyata keçirmək üçün bir-biri ilə sıx əməkdaşlıq etmək niyyətindədirlər. Əsas fəaliyyət sahələri sırasında sahə üzrə ümumi slaysinq texniki konsepsiyasının hazırlanması, slaysinqin müxtəlif sahələrdə istifadə ssenarilərinin tədqiqi və müəyyənləşdirilməsi, kompleks slaysinq sahəsində standartlar hazırlayan tərəfdaş təşkilatların fəaliyyətinin koordinasiyası və müvafiq standartların formalaşmasında iştirak, biznes obyektləri üçün slaysinq texnologiyasının sınaqlarının keçirilməsi sadalanır.
Qeyd olunur ki, əlavə reallıq, virtual reallıq, avtonom nəqliyyat və “ağıllı” fabriklər kimi sahələrdən istifadənin sürətli inkişafı kontekstində “5G” şəbəkələri daha intellektual, çevik olmalı və vertikal sahə müştərilərinin tələblərinə cavab verməlidir. Yeni assosiasiya məhz bu vəzifələrin həllinə xidmət edəcək.
Nizam Nuriyev