Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron nömrələr bir-birini daha tez “başa düşəcək”


Azərbaycanda “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyatı nişanları” standartı qəbul olunub və üzərində elektron daşıyıcı yerləşdirilən yeni dövlət qeydiyyat nişanları 2012-ci ildən etibarən paylanılacaq. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Kamran Əliyev deyib.

Onun sözlərinə görə, yeni standartlara görə, elektron daşıyıcılı avtomobil nömrələri ilkin olaraq yeni qeydiyyat nişanı alan nəqliyyat vasitələrinə, həmçinin qeydiyyat nişanı korlandığına görə yenisi üçün müraciət edənlərə veriləcək.

O əlavə edərək bildirib ki, elektron daşıyıcıda nömrənin saxta olub-olmaması, məxsusluğu, avtomobil sahibi və avtomobil haqqında məlumatlar toplanacaq. Həmçinin, Azərbaycana yeni gətirilən intellektual radar qurğuları elektron daşıyıcı vasitəsilə məlumat mərkəzinə daha operativ informasiya ötürə biləcək.

Bundan sonra isə hissə-hissə digər köhnə nömrə sahiblərinə də yeniləri təqdim olunacaq. Nəqliyyat vasitəsinin sahibi isə bu zaman əlavə xərcə düşməyəcək. Yəni avtomobil sahibləri əvvəlki kimi dövlət qeydiyyat nişanı üçün 18 manat ödəyərək, yenisini ala biləcəklər.

İdarə rəsmisi həmçinin bildirdi ki, artıq nömrə nişanlarında bir sıra keyfiyyət dəyişikliyi ilə yanaşı, görüntü dəyişikliyi də edilib. Nömrənin üzərində solda yerləşən Azərbaycanın dövlət bayrağı daha dalğalı deyil, düzbucaq formasında vurulur. Həmçinin, nömrələrin üzərində olan yazıların qopmaması üçün yeniliklər edilib.




20/10/11    Çap et