Robot poçtalyon prototipi hazırlanacaq
İspaniyanın “Eliport” şirkəti 2021-ci ilədək çəkisi 40 kiloqrama bərabər bağlamaları çatdıracaq robot poçtalyonların fəaliyyət göstərəcəyi ilk poçtu istifadəyə vermək üçün sərmayədarların cəlb edilməsi ilə məşğuldur.
“ICTnews” Elektron Xəbər Xidməti “
VistaNews” resursuna istinadən yazır ki, robotların başlıca xüsusiyyəti insan müdaxiləsi olmadan tam avtonom işləməsi olacaq - robot bütün işləri özü görəcək. Əvvəlcə bütün evlərdə çatdırılma zamanı 30-40 kiloqramlıq bağlamaların qoyulacağı kiçik təhlükəsiz qutular quraşdırılacaq. Robot poçtalyonlar “GPS” sistemi və məsul olduqları ərazilərin üçölçülü (3D) coğrafi xəritəsi ilə təchiz ediləcək. Akkumulyatorun enerjisi 25 km məsafənin qət edilməsi üçün nəzərdə tutulub.
Məlumata görə, bağlama ünvanına çatdırılan zaman robot onu qutuya qoyacaq və ya ev sahibi bunu sifətin skan edilməsi və ya təhlükəsizlik kodu vasitəsilə edə biləcək. Qurğu kameralar, 10-14 ötürücü, “LiDAR” sistemi və radarla təchiz ediləcək.
Bildirilir ki, “Eliport” şirkəti qlobal logistika problemlərini robotlaşdırma vasitəsilə həll etməyə çalışır. Hazırda şirkət tərəfindən vəsait toplanışı üzrə sayt istifadəyə verilib. Vəsait yatıran hər şəxs şirkətin sərmayədarına çevriləcək.
Robot poçtalyonun mexaniki prototipinin oktyabrda, avtonom versiyasının 2020-ci ildə, son versiyasının isə 2021-ci ildə hazır olacağı gözlənilir.
Nizam Nuriyev