Süni intellekt üçün xərclər üç dəfə artacaq
“International Data Corporation” (IDC) analitik şirkəti yaxın illərdə dünyada süni intellekt texnologiyaları üçün xərclərin üçqat artımını proqnozlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, gözləntilərə görə, 2018-ci ildə süni intellekt sahəsində dünya koqnitiv sistem və həllər bazarının həcmi 19,1 milyard dollar təşkil edərək ötən illə müqayisədə 54 faiz yüksələcək. 2021-ci ildə göstəricinin 52,2 milyard dollara çatacağı, ortaillik artım tempinin isə 46,2 faizə bərabər olacağı proqnozlaşdırılır.
Mütəxəssislər tərəfindən bazar üzrə proqnoz azaldılıb: 2017-ci ilin sentyabrında xərclərin 2021-ci ilədək 57,6 milyard dollara çatacağı ehtimal olunub.
Proqnozlara görə, 2019-cu ilədək təşkilatlarda həyata keçirilən rəqəmli transformasiya layihələrinin təxminən 40 faizində süni intellekt servislərindən istifadə olunacaq, eləcə də 2021-ci ilədək korporativ həllərin üçdə dörd hissəsi süni intellekt alqoritmləri ilə təchiz ediləcək.
Cari ilin yekunları üzrə daha çox süni intellekt investisiyaları pərakəndə satış sahəsində (3,4 milyard dollar) və bank sektorunda (3,3 milyard dollar) gözlənilir. Böyük xərclər, həmçinin diskret istehsal, tibb və fasiləsiz istehsal kimi sahələrdə proznozlaşdırılır. Məsələn, səhiyyədə diaqnostika və müalicə süni intellekt sistemlərinə investisiya qoyuluşları 1,7 milyard dollar təşkil edəcək.
Bildirilir ki, süni intellektdən daha çox keyfiyyətin idarə olunması və tövsiyələrin tərtibi sistemlərində, diaqnostik və müalicə sistemlərində, avtomatlaşdırılmış müştəri dəstəyi xidmətlərində, avtomatlaşdırılmış kəşfiyyat və təhlükələrin qarşısının alınması sistemlərində, eləcə də kiberfırıldaqçılığın təhlili və təhqiqatında istifadə olunacaq.
Tədqiqata görə, 2017-2021-ci illərdə koqnitiv və süni intellekt texnologiyaları üçün xərclərin əksər hissəsi proqram təminatının, o cümlədən strukturlaşdırılmış və strukturlaşdırılmamış informasiya əsasında konsultasiya xidmətlərinin analizi, təşkili, istifadəsi və göstərilməsi üçün alət və texnologiyalar təqdim edən koqnitiv platformaların payına düşəcək. Bununla yanaşı, daha çox artım tempini servis istiqaməti nümayiş etdirəcək.
Analitiklər tərəfindən ən böyük süni intellekt bazarı kimi 2018-ci ilin yekunları üzrə süni intellekt sahəsində koqnitiv sistemlər və həllər üçün xərclərin üçdə dörd hissəsinin düşəcəyi ABŞ bazarı qeyd olunur. Bu göstərici üzrə ikinci yerdə Qərbi Avropanın qərarlaşacağı proqnozlaşdırılır.
Nizam Nuriyev