Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” fərdi məlumatların idarəetməsi sistemində dəyişikliklər elan edib


“Facebook” sosial şəbəkəsində 50 milyon istifadəçinin fərdi məlumatının itkisi (bu, həm sosial şəbəkənin maliyyə vəziyyətinə, həm də Mark Zukerberqin nüfuzuna xələl gətirir) ilə əlaqədar davam edən qalmaqal fonunda sosial şəbəkənin nümayəndələri fərdi məlumatların idarəetmə sistemini istifadəçilər üçün daha aydın və əlçatan edəcək dəyişikliklər elan ediblər. Yeniliklərin təsviri “Facebook”un bloqunda dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, ilk yenilik “Facebook”un mobil proqramında sosial şəbəkənin sazlamalarından ibarət bölmənin yenidən dizayn edilməsi ilə bağlıdır. Yenilənmiş versiya daha aydın olacaq və bütün sazlamalar bir yerdə əlçatan olacaq. Bundan başqa, yenilənmiş bölmə istifadəçilərə kənar proqramlara əlçatan olan informasiya haqda dəqiq məlumat əldə etməyə imkan verəcək.

Həmçinin proqramçılar “Privacy Shortcuts” adlı ayrıca menyu yaradıblar. Artıq istifadəçilər üçün öz hesabının məxfiliyini sazlamaq, dostlarla paylaşılan informasiyaya nəzarət etmək, “Facebook”da axtarış tarixçəsinə baxmaq və reklam nümayişini sazlamaq daha asan olacaq.

Nəhayət, “Facebook”a yüklənmiş bütün məlumatları asanlıqla yükləmək imkanı təqdim edilib.

Emil Hüseynov






29/03/18    Çap et