Bu brauzer həm də antivirus funksiyasını yerinə yetirir
Kibertəhlükəsizlik sahəsi üzrə bir sıra ekspertlər “Chrome” brauzerinin “Windows” əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlərdə bütün faylları skan edən aləti ilə bağlı öz narahatçılıqlarını ifadə ediblər. “Chrome Cleanup Tool” aləti 2017-ci ildə sözügedən brauzerə inteqrasiya edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
securitylab.ru” saytına istinadən yazır ki, ötən il “Google” şirkəti “Chrome” brauzeri üçün bir sıra yeniləmələr təqdim etmişdi. Şirkət öz brauzerinə "standart antivirus funksiyaları”nı inteqrasiya etməklə “Windows” əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlərdə veb səhifələrə daha təhlükəsiz baxışı təmin etməyə dair söz vermişdi. Buna görə də “Google” korporasiyası “ESET” şirkətinin proqram təminatından istifadə edən “Chrome Cleanup Tool” adlı aləti öz brauzerinə inteqrasiya edib.
Təhlükəsizlik mütəxəssisi Kelli Şortridc bildirib ki, “Chrome” brauzeri onun “Windows”un idarəetməsi altında işləyən kompüterində "Sənədlər" qovluğundakı faylları yoxlayıb. Mütəxəssisin bu məlumatı özünə diqqət cəlb edib, kibermütəxəssislər və adi istifadəçilərin cəmiyyətində xeyli təəccübə səbəb olub.
“Google”un nümayəndələrinin sözlərinə görə, “Chrome Cleanup Tool” alətinin məqsədi zərərli proqram təminatının “Chrome” üzərindən istifadəçinin kompüterinə müdaxilə etməyəcəyinə tam əmin olmaqdır.
“Google”un təhlükəsizlik xidmətinin rəhbəri Castin Şux deyib ki, bu alətin yeganə məqsədi arzuolunmaz proqram təminatının aşkar edilib silinməsidir. Adi istifadəçi imtiyazlarına malik olan sözügedən alət həftədə yalnız 1 dəfə işə düşür.
Emil Hüseynov