Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyada poçt pilotsuz uçuş aparatının uğurlu sınaqları keçirilib


Rusiyanın İnnopolis Universiteti və “ENİKS” şirkəti poçt pilotsuz uçuş aparatının uğurlu sınaqlarını keçirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Т16” adlı robot kuryer bağlamanı 38 km məsafəyə çatdıraraq geri dönüb. Ümumi uçuş məsafəsi 76 km təşkil edərək 1 saat çəkib.  
 
Məlumata görə, sınaqlar zamanı “Т16” pilotsuz uçuş aparatı 500 m hündürlükdə 65 km/saat sürətlə uçub. Mühəndislərin sözlərinə görə, aparatın sürət həddi 130 km/saat, uçuş hündürlüyü 4 km, maksimal mümkün məsafəsi 150 km təşkil edir.
 
Bildirilir ki, pilotsuz uçan aparat bağlamanı hesablanmış nöqtənin 1 metr yaxınlığına endirib. Mütəxəssislər şəhər mühitində yükün endirilmə dəqiqliyini 1 santimetrədək artırmaq niyyətindədirlər.
 
Poçt yükləri ilə yanaşı, “Т16” çətin keçilən yerlərə dərman, ərzaq və məktubları çatdıra biləcək.
 
“Bəzən yükü yerüstü üsulla çatdırmaq üçün dolayı yolla 200-300 km getmək, dağlardan və çaylardan və s. keçmək lazım gəlir. Pilotsuz uçan aparat isə pula qənaət edərək yükü birbaşa çatdırmaqla məsafəni 25-30 km-dək azaldacaq”, - robot texnikasının inkişafı mərkəzinin rəhbəri Aleksandr Klimçik bildirib.
 
Onun sözlərinə görə, hazırda İnnopolis Universiteti robot kuryerə uçuş zamanı marşruta düzəlişlər etməyə və yolda rast gəlinən maneələri nəzərə almağa imkan verən süni intellekt əsaslı idarəetmə sisteminin hazırlanması ilə məşğuldur.
 
Nizam Nuriyev
 






04/04/18    Çap et