Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Klaviaturada mətnin tez yığılma sirri məlum olub


Finlandiyanın Aalto Universitetinin alimləri klaviaturada lazımi mətnin tez yığılma üsulunu müəyyənləşdiriblər.

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, məlumata görə, eksperimentdə 200 ölkədən xüsusi saytda qeydiyyatdan keçən 169 min nəfər iştirak edib.
Xüsusi proqram çap sürətinin və mətnin yığılması üzrə digər xüsusiyyətlərin təhlilini aparıb. Ümumilikdə 136 milyon klaviş basılması analiz olunub. Həmçinin, eksperimentdə iştirak edən könüllülərin cinsi, yaşı, peşəsi haqqında informasiya təqdim edilib.

Məlum olub ki, sürətli tez çap edənlər az səhvə yol verir, yavaş çap edənlər isə axtarış və səhvlərin düzəldilməsinə çox vaxt sərf edirlər.

Mətnin sürətli yığılmasının digər xüsusiyyəti eyni anda bir neçə klavişin basılmasıdır. Sürətli çap edən insanlar növbəti simvolu tələb olunandan daha əvvəl basırlar. Onlar simvolu əvvəlki klaviş buraxıldıqdan sonra onu buraxmaqla çap edirlər.

Hazırda orta istifadəçi 1 dəqiqəyə 52 söz yığır. Alimlər qeyd edir ki, bu, 1980-ci illərin makinaçılarının göstəricisindən xeyli aşağıdır. O zaman 1 dəqiqəyə orta hesabla 60-90 söz, təcrübəli kargüzarlar tərəfindən isə 120 söz yığılıb.

Tədqiq edilən material əsasında alimlər tərəfindən bir sıra tövsiyələr hazırlanıb: səhv buraxmamağa çalışmaq, çünki onların düzəlişinə çox vaxt sərf olunur; lazımi klavişləri əvvəlcə sıxmaq; baxmadan çap etməyi öyrənmək, çünki belə səhvləri düzəltmək daha asandır.

Bununla yanaşı, alimlər faydalı bacarıqları itirməmək üçün mətnlərin yığılmasını daha çox məşq etməyi məsləhət görürlər.

Nizam Nuriyev






06/04/18    Çap et