“Gartner”: “Bu il İT sahəsində qlobal xərclər 3,7 trilyon dolları ötəcək”
“Gartner” şirkəti 2018-2019-cu illər üçün dünya informasiya texnologiyaları (İT) bazarı üzrə proqnozunu açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
Servernews” resursuna istinadən yazır ki, şirkətin qiymətləndirməsinə görə, ötən il sahənin həcmi təxminən 3,52 trilyon dollar təşkil edib. Bu, dünya miqyasında xərclərin 3,39 trilyon dollar qiymətləndirildiyi ötən illə müqayisədə 3,8 faiz çoxdur.
Cari ildə bazarın 6,2 faizlik artım nümayiş etdirməsi nəticəsində sahənin həcmi 3,74 trilyon dollara çatacaq.
Qeyd olunur ki, 2018-ci ildə 188 milyard dollar məlumat emalı mərkəzləri üçün sistemlərin payına düşəcək. Korporativ sinfə aid proqram təminatı seqmentində xərclər 391 milyard dollara bərabər olacaq. İT servisləri seqmentinin həcmi 1 trilyon dollar səviyyəsində proqnozlaşdırılır. Kommunikasiya servisləri daha 1,45 trilyon dollara sahib çıxacaq.
Bildirilir ki, kompüter qurğularına – masaüstü sistemlər və noutbuk, planşet və mobil qurğulara tələbat bu il 706 milyard dollara çatacaq. Bu, ötən illə müqayisədə 6,6 faizlik artıma bərabər olacaq.
Proqnozlara görə, 2019-cu ildə İT sahəsində qlobal xərclərin 2,8 faiz artması nəticəsində sahənin həcmi 3,85 trilyon dollara yüksələcək.
Nizam Nuriyev