Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Virtual reallıq, dron və sürücüsüz avtomobillər üçün yeni “JPEG XS” formatı təqdim edilib


Lozanna Federal Politexnik Məktəbinin professorunun rəhbərliyi altında “Joint Photographic Experts Group” (“JPEG”) beynəlxalq komitəsi tərəfindən təqdim edilmiş “JPEG XS” adlı yeni format az enerji sərf etməklə şəkilləri sıxmağa və yüksək keyfiyyətli şəkilləri internet üzərindən az ləngimə ilə göndərməyə imkan verir. “JPEG XS” formatı virtual reallıq, artırılmış reallıq, kosmik vizuallaşdırma, sürücüsüz avtomobillər və filmlərin peşəkar redaktəsi kimi sahələrdə tətbiq ediləcək.
 
Nə üçün virtual reallıq qarniturundan istifadə edənlərin ürəyi bulanır? Bunun səbəblərindən biri ləngimədir (“latency”). “JPEG” ekspertləri tərəfindən təqdim edilmiş şəkillərin sıxılması üzrə yeni standart bu problemi həll edə bilər. Yeni standart Lozanna Federal Politexnik Məktəbinin professoru Turac Ebraximin rəhbərliyi altında hazırlanıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, sıxma prosesinin sürətləndirilməsi və sadələşdirilməsi nəticəsində “JPEG XS” formatı ilə şəkil və videoların keyfiyyəti yüksək olacaq. Sıxılmış faylların tutumu böyük olacaq, amma bu, “Wi-Fi” və ya “5G” şəbəkələri üçün problem deyil: əsas məsələ faylları məhdud yaddaşa malik smartfon və ya başqa qurğularda saxlamaq deyil, onları ötürməkdir.
 
Bu, o deməkdir ki, smartfon, planşet və kompüter vasitəsilə HD formatlı film və ya videooyunu böyük ölçülü ekrana ani proyeksiya etmək mümkündür. Kabeldən istifadəyə ehtiyac yoxdur, təsvirin keyfiyyəti isə çox yüksək olacaq.
 
25 il müddətində populyar olan JPEG sıxma adətən şəkil faylının tutumunu təxminən 10 dəfə azaldır. Sıxma prosesi şəkli məhdud tutumlu yaddaşa malik kameralarda saxlamağa və internet üzərindən göndərməyə imkan verir. “JPEG XS” standartı faylları təxminən 6 dəfə sıxır.
 
Emil Hüseynov






10/04/18    Çap et