Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“NETTY 2018” İnternet Mükafatı iştiraka dəvət edir


"NETTY 2018" Azərbaycan Milli İnternet Mükafatına qeydiyyat başlandı.
 
Əsası 2004-cü ildə qoyulmuş NETTY mükafatı hər il Azərbaycanın ən yaxşı İT-layihələrini, əhəmiyyətli veb-resursları və informasiya texnologiyaları sahəsində qabaqcıl xadimləri müəyyən edir və mükafatlandırır.
Müsabiqə iştirakçılarının ərizə qəbulu 2018-ci il aprelin 15-dən mayın 15-dək www.netty.az saytında aparılacaq.

Mayın 15-dən 22-dək mükafatın nominantlar siyahısını formalaşdıran "Ekspert Şurası"nın və Virtual Münsiflər Heyətinin səsverməsi keçiriləcək. Mayın 22-də nominantlar sırasından qaliblərin müəyyən edilməsi üçün NETTY Akademiyası səsverməyə başlayacaq.

"Virtual münsiflər heyəti" internet-istifadəçilərdən formalaşdırılır. Sosial şəbəkələrin köməyi ilə mükafatın saytında qeydiyyatdan keçmiş istifadəçilər münsiflər heyətinin üzvü olmaqla, müsabiqə nominantlarının seçməsində iştirak edə bilərlər. Virtual münsiflər heyəti müsabiqə iştirakçılarının ümumi sayından "Virtual münsiflər heyətinin seçimi" nominasiyası üzrə üç nominantı seçir.

Müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılan Ekspert Şurasında dizayn, proqramlaşma, marketinq, jurnalistika və digər sahələrdə mütəxəssis olan şəxslər təmsil olunur. Ekspert Şurası hər nominasiya üzrə üç nominant seçir.

NETTY akademiyası Azərbaycanın ictimai, dövlət və biznes-strukturlarında fəaliyyət göstərən nüfuzlu şəxsiyyətlərdən formalaşdırılıb. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edir.

Ənənəvi olaraq, müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı resursları elan olunacaq: "Azərbaycan", "Dövlət saytı", "Təhsil və elm", "Mədəniyyət və incəsənət", "Cəmiyyət", "İnformasiya və xəbərlər", "Servis sayt", "Korporativ sayt", "Elektron ticarət sahəsində ən yaxşı layihə", "İdman", "Şəxsi sayt", "Virtual Münsiflər Heyətinin seçimi", ""Facebook"-da ən yaxşı səhifə". Bütün əsas nominasiyalarda qeydiyyat ödənişlidir.

Müsabiqə çərçivəsində, həmçinin "İlin Mobil Proqramı" nominasiyası və "Milli İnformasiya Texnologiyalarının Zənginləşdirilməsinə Görə" və "İlin İT-Hadisəsi" fəxri nominasiyalar üzrə də mükafatlar təqdim olunacaq.

"NETTY 2018"-in qalibləri rəsmi olaraq təntənəli mükafatlandırma mərasimində elan edilirlər. Müsabiqənin əsas mükafatı olan NETTY heykəlciyi qaliblərə təqdim edilir. Mərasimə mükafatın bütün nominantları dəvət olunur. Mərasimin keçirilmə tarixi və yeri barədə əlavə olaraq məlumat veriləcək.

Müsabiqə çərçivəsində, həmçinin həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir.

Bu il müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin rəsmi dəstəyi ilə keçirilir.

Mükafatın Baş partnyoru "NAR" şirkətidir.

Qızıl partnyor – "AzIntelecom" şirkətinin "Data Mərkəzi"dir.

"Bakutel" sərgisi, "Mi Mobile", "Carlsberg Azerbaijan", "SmartHost", "KATV1" və "Golden Pay" şirkətləri,  "De Jure" layihəsi, "Renley.az" veb-agentliyi mükafatın rəsmi partnyorları qismində çıxış edirlər.

Layihənin informasiya partnyorları: "Infocity.az", "CBC.az", "Sputnik.az", "Oxu.az", "Media.az", "Salamnews.org", "DeJure.az".

"NETTY" informasiya texnologiyalar sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.

Mükafatla bağlı əməkdaşlıq məsələləri üzrə info@netty.az  ünvanına müraciət edə bilərsiniz.





16/04/18    Çap et