“5G” şəbəkəsini dəstəkləyən smartfonlar mobil telefonlar bazarında tənəzzülü aradan qaldırmağa kömək edəcək
“CCS Insight” analitik şirkəti 2018-ci ildə mobil qurğuların satışının 0,2 faiz artaraq 1,95 milyard ədədə çatacağını proqnozlaşdırır. Mütəxəssislər inkişaf etmiş bazarlarda gözlənilən azalma barədə xəbərdarlıq edərək qeyd ediblər ki, Asiya-Sakit okean regionunun və Afrikanın inkişaf etməkdə olan ölkələri sayəsində müsbət dinamika davam edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, şirkətin analitiki Marina Koyçeva bildirib ki, 7 faizlik nəzərəçarpacaq azalma Qərbi Avropa bazarlarında gözlənilir. “Şimali Amerikada da satış həcmi azalacaq. Burada analitiklər tərəfindən 3 faizlik azalma proqnozlaşdırılır. ABŞ-da da Qərbi Avropa bazarındakı eyni trayektoriya müşahidə olunacaq”, - analitik əlavə edib.
Mütəxəssislər ehtiyat edir ki, əvvəlki modellərlə müqayisədə yeni modellərdə əhəmiyyətli innovasiyaların olmamasına görə bazarda tələbat bir neçə il yaxşılaşmaya bilər. Bundan başqa, mane olan əlavə faktor qabaqcıl qurğuların qiyməti olacaq. 2017-ci ildə onların qiyməti min dollarlıq psixoloji həddə çatıb.
Bununla belə, ekspertlər vəziyyətdən çıxış yolunun olduğunu qeyd edirlər. İnkişaf etmiş bazarlarda satışlara ziyan dəysə də, Afrika, Asiya-Sakit okean regionu ölkələri və Hindistanda artım üçün potensial mövcuddur. Mütəxəssislər inanır ki, inkişaf etmiş və inkişaf etməkdə olan bazarlar arasında balans sayəsində mobil telefonların satış həcmi yaxın beş il ərzində də stabil qalmaqla cüzi artıma nail olmaq mümkün olacaq. Şirkətin proqnozu 2022-ci ildə mobil telefonlar bazarının həcminin natural ifadədə 2 milyard qurğunu ötəcəyini nəzərdə tutur.
Analitiklər artım üçün beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonların buraxılışına böyük ümidlər bəsləyir. Mobil telefon istehsalçıları və mütəxəssislər əmindir ki, daha sürətli rabitə standartı istehlakçılar üçün yeni qurğuların alışına stimul yaradacaq.
“İlk “5G” qurğularının 2019-cu ildə satışa çıxarılacağı gözlənilsə də, onlara yüksək tələbat 2021-ci ildən tez olmayacaq. Bu isə o deməkdir ki, müsbət təsir 2022-ci ildə hiss olunmağa başlayacaq. O zaman dünyada “5G” şəbəkəsini dəstəkləyən 600 milyondan çox qurğu satılacaq ki, bu da ümumi satış həcminin 31 faizini təşkil edəcək”, - M.Koyçeva vurğulayıb.
Smartfonlar seqmenti haqqında söz açan analitik əlavə edib ki, 2018-ci ildə smartfonların qlobal satışı 1,5 milyard ədədi üstələyəcək, 2022-ci ilədək isə 1,8 milyard ədədə çatacaq.
Nizam Nuriyev