Azərbaycan yeni müddətə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvlüyünə namizədliyini irəli sürüb
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyası öz işinə başlayıb. Sessiya aprelin 27-dək davam edəcək.
İclasda ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Sessiya çərçivəsində BTİ-nin fəaliyyəti ilə bağlı hesabatların dinlənilməsi, qərarların qəbul edilməsi, cari il və gələcək illər üzrə fəaliyyət planlarının, maliyyə sənədlərinin və bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış qurumudur. BTİ, ali təsisatları olan, 4 ildən bir keçirilən Səlahiyyətli Konfrans və hər il sessiyası keçirilən Şura tərəfindən idarə olunur.
Şurada təşkilatın 193 üzv ölkəsindən yalnız 48-i təmsil olunur. 1992-ci ildən BTİ-nin üzvü olan Azərbaycan 2014-cü ildə Şuranın üzvü seçilib və bu illər ərzində Şuranın fəaliyyətində fəal iştirak edir.
Azərbaycan bu ilin oktyabr-noyabr aylarında Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçiriləcək Səlahiyyətli Konfransda yeni müddətə seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürüb. Ölkəmizin nümayəndəsi, həmçinin Radio Tənzimləmə Komitəsinin üzvlüyünə də təqdim edilib.
Sessiya zamanı Şuranın gündəliyində olan məsələlərin müzakirəsində iştirakla yanaşı, seçkilərlə bağlı olaraq geniş təbliğat da aparılır. Çoxsaylı görüşlər keçirilir, ölkənin İKT sahəsində potensialı, nailiyyətləri haqqında ətraflı məlumatlar verilir.
Səfərin ilk günü BTİ-nin Baş katibi Houlin Cao ilə görüş keçirilmiş, ikitərəfli əlaqələr müzakirə edilib. Görüşdə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov da iştirak edib.