Geyimə bərkidilə bilən çox nazik günəş batareyaları yaradılıb
“Riken-Toray Industries Inc”də çalışan yaponiyalı alimlər qalınlığı 3 mikrometr olan adi günəş panelləri təqdim ediblər. Asanlıqla dartılan və sıxılan bu panellər heç bir problem olmadan parçaya və istənilən başqa səthə bərkidilə bilər, həmçinin 100 selsi dərəcəyədək temperatura qarşı davamlıdır. Enerjinin çevrilmə səmərəliliyi təxminən 10% təşkil edir ki, bu da bazarda mövcud olan istənilən analoji qurğudan yüksək göstəricidir. Layihə müəlliflərindən biri olan Takao Sominin sözlərinə görə, onların istehsalı olan günəş batareyalarının maya dəyəri aşağıdır və istehsalçılar bu səbəbdən yeni texnologiyaya yüksək tələbat gözləyirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “
hi-news.ru” saytına istinadən yazır ki, kifayət qədər yaxşı göstəricilərə baxmayaraq, qurğu hələ erkən hazırlama mərhələsindədir və bir sıra çatışmazlıqlara malikdir. Məsələn, batareyalar su və oksigenin təsiri altında tez sıradan çıxır, amma yaponiyalı mühəndislər yaxın illər ərzində bu problemin həllini planlaşdırırlar.
Emil Hüseynov