Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada süni intellektin inkişafı üçün vahid elmi laboratoriya istifadəyə veriləcək


Avropanın süni intellekt sahəsində tədqiqatlarla məşğul olan aparıcı mütəxəssisləri vahid ümumavropa laboratoriyasının yaradılması təklifi ilə çıxış ediblər. Alimlərin fikrincə, bu, Avropanın texnoloji baxımdan Çin və ABŞ-dan geriliyini aradan qaldırmağa kömək edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, hazırda süni intellektin inkişafı elmi-tədqiqat fəaliyyətində prioritet istiqamətlərdəndir. Bununla yanaşı, bu sahədə texnologiyalar yaradan iri laboratoriya və mərkəzlər ABŞ ərazisində yerləşir. Həmçinin ekspertlər bildirir ki, Avropa sahəyə investisiya qoyuluşlarının həcminə görə ABŞ və Çindən geri qalır. Bununla əlaqədar Avropanın aparıcı universitetləri “beyin axını” problemi ilə üzləşir.
 
Avropanın elm xadimlərinin açıq məktubunda deyilir ki, yaranmış vəziyyətin dəyişdirilməsinə “ELLIS” (European Lab for Learning and Intelligent Systems) tədqiqat mərkəzinin yaradılması kömək edə bilər. Ümumavropa laboratoriyası özündə müxtəlif ölkələrin ən yaxşı mütəxəssislərini birləşdirəcək ki, bu da həm fundamental, həm də tətbiqi elmin inkişafına xidmət edəcək. Alimlər ümid edir ki, “ELLIS” süni intellektin tədqiqi sahəsində dünya liderinə çevriləcək.
 
Layihənin bu il həyata keçirilməsinə başlamaq təklif edilir. Bu məqsədlə Fransa və Almaniyanın əməkdaşlığına əsaslanan hökumətlərarası təşkilatın yaradılması nəzərdə tutulur. Təşkilatda iştiraka alimlər Avropa İttifaqının digər ölkələrini, eləcə də İsveçrə, Böyük Britaniya və İsraili dəvət etmək niyyətindədir. Mərkəzin tədqiqat fəaliyyəti ilə yanaşı, gənc alimlər üçün maarifləndirici proqramların hazırlanması ilə məşğul olacağı planlaşdırılır.
 
Nizam Nuriyev






25/04/18    Çap et