Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter”də məxfilik siyasəti yenilənib


"Twitter" mikrobloqlar servisi Avropa İttifaqında fərdi məlumatların mühafizəsi haqqında yeni qaydalar qüvvəyə minməzdən əvvəl xidmətlərin göstərilməsi və məxfilik siyasəti şərtlərini yeniləyib. Bu barədə servisin saytında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti" resursuna istinadən yazır ki, servisin bəyanatında deyilir: "Növbəti ayda məlumatların mühafizəsi haqqında yeni qanunvericiliyin qüvvəyə minməsinə hazırlıq çərçivəsində biz istifadəçilər tərəfindən  bölüşülən informasiya ilə bağlı düşünülmüş qərarın qəbul edilməsi üçün "Twitter"in xidmətlərin göstərilməsi və məxfilik siyasəti şərtlərini yenilədik".

"Dəyişikliklər 25 may 2018-ci ildə qüvvəyə minəcək. Siz qeyd olunan tarixdən sonra xidmətlərdən istifadəni davam etdirsəniz, bu, sizin edilən dəyişikliklə bağlı razılığınızı bildirəcək. Yenilənmiş sənədlərlə diqqətlə tanış olmağı tövsiyə edirik. Əsas məxfilik siyasəti dəyişiklikləri aşağıda göstərilib", - məlumatda qeyd edilir.  

Qeyd edək ki, mayın sonunda Avropa İttifaqında yeni fərdi məlumatların mühafizəsi qaydaları (General Data Privacy Regulations - GDPR) qüvvəyə minəcək. Yeni reqlament şirkətlər tərəfindən istifadəçilər üçün fərdi məlumatların mühafizəsi funksiyalarının quraşdırılmasını nəzərdə tutur. Məsələn, istifadəçilərə fərdi məlumatları tam ləğv etmək hüququ veriləcək, eləcə də 16 yaşdan aşağı şəxslərin fərdi məlumatlarından istifadə üçün onların valideynlərinin və ya qəyyumlarının icazəsi tələb olunacaq. Reqlament tələblərinin pozulacağı təqdirdə şirkətlər pozuntunun dərəcəsindən asılı olaraq 20 milyon avro və ya illik dövriyyənin 4 faizi məbləğində cərimə oluna bilərlər.

Nizam Nuriyev






26/04/18    Çap et