“XXI əsr” Təhsil kompleksinin şagirdləri “İKT-də qızlar” gününü “Azərkosmos”da qeyd etdilər
Bütün dünya ictimaiyyəti aprelin sonuncu həftəsinin dördüncü günü "İKT-də qızlar" günü kimi qeyd edir. "İKT-də qızlar" günü Birləşmiş Millətlər Təşkilatının İKT üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən 2010-cu ildə təsis edilib. "Üfüqləri genişləndirək, yanaşmaları dəyişək" mövzusu ilə keçirilən bu beynəlxalq gün ənənəvi olaraq Azərbaycanda da geniş qeyd olunur.
Bu əlamətdar gün münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə qadınların İKT sahəsində rolunun artırılmasına dəstək məqsədilə "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə "XXI əsr" Təhsil kompleksinin yuxarı siniflərinin qız şagirdlərinin ekskursiyası təşkil olunub.
Səfər müddətində şagirdlərə Azərbaycanda kosmik sənayenin yaranması, ölkənin milli peyk operatoru olan "Azərkosmos" ASC-nin fəaliyyəti, operatorun idarəçiliyində olan "Azerspace-1" telekommunikasiya peyki və "Azersky" – Yer səthinin məsafədən müşahidə peyki, eləcə də, Azərbaycanın növbəti peyk layihəsi olan Azerspace-2 barədə ətraflı məlumat verilib. Mərkəzin ərazisində gəzinti zamanı qonaqlara burada olan yerüstü sistemlərlə də bağlı geniş məlumat verilib ki, bu da iştirakçıların böyük marağına səbəb olub.
Görüşdə, həmçinin, İKT sahəsində məktəbli qızların iştirak səviyyəsinin yüksəldilməsi, gələcək karyera seçimi üçün onların kosmik sahəyə cəlb olunmasından bəhs olunub.
Səfərin sonunda şagirdlərlə xatirə şəkli çəkilib.