Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropol sifarişli “DDoS” hücumları təşkil edən servisin fəaliyyətini dayandırıb


Avropol sifarişli “DDoS” hücumlarının həyata keçirilməsi üzrə ən böyük servis hesab olunan “WebStresser” saytının bağlanması üçün uğurlu beynəlxalq əməliyyat keçirib. Sayt təşkilatçıları aylıq 15 avro olmaqla istənilən internet portalına “DDoS” hücumu üçün sifarişlər qəbul ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, Avropol nümayəndələri bildirib ki, aprelin 24-də “Power Off” beynəlxalq əməliyyatı həyata keçirilib. Əməliyyat çərçivəsində Böyük Britaniya, Xorvatiya, Kanada və Serbiyada “WebStresser” saytının təşkilatçıları həbs edilib.
 
Məlumata görə, iri resurs hesab edilən “WebStresser” saytı bağlanan zaman burada qeydiyyatdan keçən istifadəçilərin sayı 136 minə yaxın olub. Sayt vasitəsilə son bir neçə ildə 4 milyondan çox “DDoS” hücumu həyata keçirilib. Hücumların qurbanları internet servisləri, banklar, dövlət resursları, onlayn oyun serverləri və s. olub.
 
Tərtibatçılarla yanaşı, “WebStresser” saytının Niderland, İspaniya, İtaliya, Xorvatiya, Böyük Britaniya, Avstraliya, Kanada və Honkonqun ən aktiv istifadəçilərinin fəaliyyəti dayandırılıb.
 
Nizam Nuriyev






27/04/18    Çap et