“Siri” funksiyası internetdə yeni sözlər tapacaq
"Apple" şirkəti "Siri" səsli köməkçi funksiyası vasitəsilə yeni sözlərin müəyyənləşdirilməsi üzrə texnologiya üçün patent hüququ alıb. Proqram təminatı funksiyaya internetdə sözün mənasını tapdıqdan sonra ona müvafiq şəkildə reaksiya verməyə imkan verəcək.
"ICTnews" Elektron Xəbər Xidməti "
Life" resursuna istinadən yazır ki, "Apple" şirkəti bununla səsli köməkçini təkmilləşdirərək inkişafa görə onun "Amazon Alexa" və "Google Home" servislərindən geriliyini azaltmağı planlaşdırır. "Siri" söz ehtiyatını artıraraq istifadəçilərin çoxlu suallarını cavablandıra biləcək. Məsələn, o, kriptovalyutanın nə olduğunu başa düşəcək.
Xatırladaq ki, "Apple" səsli köməkçisi mövcud funksiyalar arasında ən zəifi hesab olunur. "Loup Ventures" şirkəti tərəfindən bu yaxınlarda keçirilən tədqiqatda onunla təchiz edilən "HomePod" kolonkası düzgün cavablar üzrə ən az xal toplayıb.
"Apple" şirkəti hazırda "Siri" funksiyasının təkmilləşdirilməsi ilə ciddi məşğuldur. Bundan əvvəl şirkətin funksiyanın hazırlanması üçün yüzdən çox mühəndisi işə qəbul edəcəyi barədə məlumatlar yayılıb. Bundan başqa, "Google" şirkətinin süni intellekt şöbəsinin rəhbəri Con Canandreo "Apple" şirkətinə işləməyə keçib. Tərtibatçı vəzifəsi "Siri" funksiyasının yaxşılaşdırılması olan qrupa rəhbərlik edəcək.
Nizam Nuriyev