Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mars torpaq nümunələri Yerdə analiz ediləcək


ABŞ Kosmik Agentliyi (NASA) və Avropa Kosmik Agentliyi (ESA) arasında Yerə Mars planetindən torpaq nümunələrini çatdıracaq missiyaların planlaşdırılması haqqında saziş imzalanıb. Mars torpaq nümunələrini əldə edən tədqiqatçılar onun kimyəvi tərkibini ətraflı öyrənərək Qırmızı planetdə həyatın mövcudluğu ilə bağlı qənaətə gələ biləcəklər. Bu barədə “ESA” saytında dərc edilən bəyanatda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, bu gün Mars səthində torpaq və qumu yalnız məsafədən tədqiq etmək mümkündür: bununla, məsələn, “Curiosity” kosmik aparatı məşğuldur. Qurğu quru torpaq nümunələrini toplayır, hissəcikləri ölçüsünə görə çeşidləyir və quraşdırılmış elmi cihazlar vasitəsilə onların kimyəvi tərkibini analiz edir. Lakin Yerdə daha dəqiq analizin aparılması mümkündür – onun üsulları daim təkmilləşdirilir.

Məlumata görə, Yerə torpağın çatdırılması planı 3 əsas mərhələyə bölünüb. Birinci mərhələ apreldə yığılmasına başlanılan “Mars-2020” kosmik aparatının buraxılış olacaq. Aparatın konstruksiyasına torpaq üçün hər birinin ölçüsü qələmə bərabər 30-a yaxın konteyner daxildir. Növbəti missiya çərçivəsində Marsa nümunələrin olduğu konteynerləri götürərək “Mars Ascent Vehicle” raketinə çatdıracaq kiçik kosmik aparatın göndərilməsi nəzərdə tutulur. Raket yükü Mars orbitinə çıxaracaq, oradan isə Yerdən buraxılan daha bir kosmik aparat nümunələrinin olduğu konteynerləri və digər toplanan materialları götürəcək. Son mərhələyə məsul kosmik gəminin ABŞ-a eniş edəcəyi planlaşdırılır.

Həmin müddət ərzində, həmçinin Qırmızı planetdə Rusiya-Avropa birgə “ExoMars” aparatı fəaliyyət göstərəcək. Qazma qurğusu 2 metr dərinlikdən nümunələr götürə biləcək. Onun işi tədqiqatçılara hansı Mars torpaq nümunələrinin Yerə çatdırılması ilə bağlı qərar qəbul etməyə imkan verəcək.  

Yeni missiyaların nəticələri haqqında daha ətraflı məlumat Avropa Kosmik Agentliyi Nazirlər Şurasının 2019-cu ildə keçiriləcək iclasında təqdim ediləcək. Nəticələr bəyəniləcəyi təqdirdə tədqiqatçılar tərəfindən layihə üzərində işin davam etdirilməsi nəzərdə tutulur.

Nizam Nuriyev






01/05/18    Çap et