Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” və “Instagram”da qrup şəklində videozənglər funksiyası istifadəyə veriləcək


“WhatsApp” və “Instagram” əlavələrində qrup şəklində videozənglər funksiyasından yararlanmaq mümkün olacaq. Bu barədə “Facebook” tərtibatçıları üçün “F8” konfransında məlumat verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Searchengines” resursuna istinadən yazır ki, funksiyanın “WhatsApp”da işi barədə məlumat məhdud olsa da, konfrans zamanı nümayiş olunan videoya görə, danışıqda eyni anda dörd nəfər iştirak edə biləcək. Qrup şəklində videozənglər funksiyasının yaxın aylarda messencerə əlavə olunacağı gözlənilir.

Bildirilir ki, daha bir yenilik stikerlər olacaq.

“WhatsApp” direktoru Mübarək İmamın sözlərinə görə, messencerin gündəlik auditoriyası 450 milyon nəfərdən çoxdur. Bundan başqa, hər gün istifadəçilər tərəfindən ümumilikdə 2 milyard dəqiqə davam edən video və səsli zənglər edilir.

Məlumata görə, “Instagram”da hazırda sınaqları keçirilən videozənglər funksiyasının tezliklə istifadəçilərin ixtiyarına veriləcəyi planlaşdırılır.  

Zəngə başlamaq üçün şəxsi bildirişlərdə yazışmanın yuxarı hissəsində yerləşən kamera işarəsinin üzərinə basmaq lazım gələcək. Həm bir, həm də bir neçə nəfərlə danışmaq mümkün olacaq.

Bundan əlavə, “Instagram” servisində “Explore” bölməsinin dizaynı yenilənərək istifadəçilər üçün kameranın əlavə reallıq effektlərinin əllə quraşdırılmasına imkan yaradılacaq.

Nizam Nuriyev






02/05/18    Çap et